“Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulub
Rusiyanın Kazan şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

Turnirin ikinci günündə Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayıb. Belə ki, kişilər arasında 73 kiloqram çəki dərəcəsində Rəşad Məmmədəliyev və Nurlan Osmanov, 81 kiloqram çəki dərəcəsində isə Murad Fətiyev və Hidayət Heydərov medal qazanmağa çalışacaqlar.

Onaltıdabir finaldan mübarizəyə başlayan R.Məmmədəliyev Antoni Zinqq (Almaniya) - Maxmadbek Maxmadbekov (Rusiya) cütünün qalibi ilə görüşəcək. Bu mərhələdə digər cüdoçumuz M.Fətiyev Terens Kuamba (Qabon) ilə üz-üzə gələcək. Yarışa otuzikidəbir finaldan başlayan N.Osmanov Yunanıstan təmsilçisi Georgios Azoidis, H.Heydərov isə Qırğızıstan idmançısı Asad Masabirov ilə qarşılaşacaqlar.

Qeyd edək ki, 79 ölkədən 400-dən çox idmançının mübarizə apardığı turnirdə Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. Cüdoçularımız turnirin birinci gününü medalsız başa vurublar. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 10-dək davam edəcək.

Xəbər 444 dəfə oxundu.