Boyanka Kostova 5-ci oldu
Bu gün ağırlıqqaldırma üzrə 58 kq çəki dərəcəsində qaliblər müəyyənləşib.

Azərbaycan idmançısı, Avropa çempionu Boyanka Kostovaya ümidlər birdən qaldırmada özünü doğrultdu. İdmançımız mübarizəyə 100 kq-la başlayıb, sonra 103 və ardınca 105 kq-ın öhdəsindən gəldi. Adi halda bu nəticə ilə o, yarışın kiçik bürünc medalına layiq görülə bilərdi. Onu yalnız ukraynalı Yuliya Kalina (106 kq) və çinli Şueyinq Li (108 kq – olimpiya rekordu) qabaqladılar.

Təkanla qaldırmaya da idmançımız ehtiyatlı başladı. Lakin podiumda ilk cəhdinin ikinci hərəkətində cüzi səhv bəlkə də onu olimpiya medalından kənar qoydu. Təkrar yanaşmada Kostova 124, ardınca 128 kq-ın öhdəsindən gəldi və hələ yenicə səhnəyə çıxan rəqiblərinin nəticələrini gözləməyə başladı. Bu məqamda ukraynalı Kalina 129 kq-ın öhdəsindən gələrək, Kostovanı 2 kq qabaqladı. Onun ardınca tailandlı idmançılar Sirikaev (136 kq) və Rattikan Qulnoy (134 kq, birdən qaldırmada o, 100 kq-ın öhdəsindən gəlmişdi) ağırlığı ram etdilər. Belaruslu idmançı da bu çəkiləri ram etdi, lakin texniki səhvə yol verdiyindən hakimlər onun nəticəsini qeydə almadılar.

Beləcə, Kostova yarışı 233 kq-la (105+128) 5-ci pillədə başa vurdu. Çinli çempion isə son yanaşmasına fəxri kürsünün ən yüksək pilləsinin sahibi kimi olimpiya rekordu üçün podiuma qalxdı. O, 138 kq-ı ram edib 246 kq nəticə ilə daha bir rekordu yenilədi.

Xəbər 1387 dəfə oxundu.