Britaniya polisləri Uembli stadionunun açarlarını itiriblər

Xarici KİV-lərində verilən xəbərlərə görə, Britaniya polisləri Londonda XXX yay Olimpiadasının futbol turniri matçlarının keçirildiyi Uembli stadionunun açarlarını itiriblər.
Olimpiadanın Təşkilat Komitəsi bildirir ki, itirilən açarlar stadiona giriş qapısının deyil, daxili binaların açarlarıdır. Buna görə də oyunçuların və tamaşaçıların təhlükəsizliyi baxımından narahatlıq üçün əsas yoxdur.
Lakin söhbət adi metal açarlardan yox, stadiondakı qapıları bağlayan mürəkkəb texnoloji sistemi idarə edən lazer qurğusundan gedir. Açarları dəyişdirmək üçün bu sistemin yenidən sazlanması zəruridir, bu isə 40 min funta başa gələcək.
Stadionun açarları Olimpiadanın başlanmasından bir neçə gün əvvəl – keçən həftə cümə axşamı itirilib. Bu hadisə London polisi, Olimpiadanın Təşkilat Komitəsi və Olimpiadanın təşkilatçılarına özəl mühafizə xidmətləri təqdim edən G4S şirkəti arasında daxili araşdırmaya səbəb olub.
Araşdırma nəticəsində Skotlend-Yard etiraf edib ki, açarları polis əməkdaşlarından biri itirib. O, açarları nəzərdə tutulmayan yerdə qoyub və onların məhz harada qaldığını unudub. Bir həftəyə yaxındır ki, polislər stadionun binalarını ələk-vələk edir, həmin gün baş verən hadisələri anbaan xatırlamağa çalışır, lakin açarları tapmaq mümkün olmayıb.
Londonda Olimpiya Oyunları dövründə təhlükəsizliyin təmin olunmasına 13 minə yaxın polis işçisi və təqribən 18 min hərbi qulluqçu, habelə G4S özəl mühafizə şirkətinin əməkdaşları cəlb edilib.
Onu da əlavə edək ki, bu hadisə 2012-ci il Olimpiadasının təhlükəsizlik xidmətinin yol verdiyi ilk ciddi səhlənkarlıq deyil. Bundan əvvəl Olimpiya Oyunları dövründə polis tərəfindən asayişin təmin edilməsi və Olimpiada ərəfəsində məşqlərin müfəssəl planlarından ibarət məxfi dosye qatar vaqonunda itirilmişdi. Həmin qovluğu tapmış sərnişin onu KİV-lərə təqdim etmişdi.

AzərTAc

Xəbər 1145 dəfə oxundu.