“Qarabağ"ın növbəti Avropa yürüşü ərəfəsində
Suallar doğuran çempionat eyni qayda ilə davam edir

Azərbaycan milli futbol komandasının Millətlər Liqasında növbəti matçlarla əlaqədar fasilə verilmiş ölkə çempionatının Premyer liqasında mübarizə yenidən başlanıb.
Əlbəttə, hələ də klubların optimal hazırlıq və taktiki yetkinliyindən söz açmaq olmur. Bu dəfə fasilədən sonra liderliyi ələ almış "Zirə"nin səfərdə olsa da, "Sumqayıt"a məğlub olması qiymətləndirmə üçün əsas olaraq, qarşıdakı turların da qeyri-sabit mənzərədə davam edəcəyinə işarə oldu. Eyni sözləri turun digər matçında "Səbail"in müqavimətini qıra bilməyən "Keşlə" haqqında da söyləmək olar. Bütün bunlar onu göztərir ki, hələlik bu çempionatda proqnozlaşdırma aparmaq qeyri mümkündür. "Qəbələ"nin çempiona asanlıqla yenildiyini zənn edənlər də yanılırlar. Bu komandanın əyər-əskikləri sırf formalaşma ilə bağlıdır. Bu isə, ilk növbədə, fiziki-funksional hazırlıqda əksini tapır və belə olduqda, 90 dəqiqə mübarizə aparmaq heç də asan deyil.

Yeri gəlmişkən, turun ən əlamətdar hadisəsi çempion "Qarabağ"la "Neftçi"nin qələbələr qazanmasıdır. Bu onların turnir vəziyyətini bir qədər yaxşılaşdırsa da, oyun planında əvvəldən qalmış sualların cavabının verilməsini, deyəsən, hələ xeyli vaxt gözləmək lazım gələcək. Suallar, "Qarabağ"da, əsasən, oyun quruculuğu ilə bağlıdırsa, "Neftçi"də daha kompleks şəkildə çözümünü gözləyən məsələlər var. Yeri gəlmişkən, "Qarabağ"ı haradasa anlamaq olar. Milli komandaya xeyli oyunçu yollamış kollektiv üçün bu həftə növbəti məsul sınaq başlanır. Komandanın rəqibləri formal deyil, praktiki cəhətdən çox fərqli üslublara malikdirlər və "Qarabağ"ı prinsipial çətin sınaqlar gözləyir. Komandanın yeganə uğuru yalnız hər rəqibə fərdi yanaşmasından, hər rəqibi necə öyrənməsindən və hər oyuna prinsipial fərqli oyun tərzi ilə çıxmasından asılı olacaq. Əvvəlki illərin Avropa təcrübəsi artıq komandanı buna öyrətməlidir. Bu isə "Qarabağ"ın milli çempionatdakı qarşılaşmalarına da təsir edəcək. Prinsipcə, Ağdam klubu qeyd edilən qaydada özünü isbat edə bilsə, bunu ölkədaxili rəqiblərinə də asanlıqla tətbiq edə biləcək və əksinə, bu oyunlar "Qarabağ"a daha da inamlı şəkildə yerli rəqiblərini eyni fəndlərə salmağa kömək edəcək.

BATI YAR

Xəbər 328 dəfə oxundu.