“Əminliklə deyə bilərəm ki, medal götürəcəyəm”
“14 ildir ki, ağır atletika ilə məşğul oluram. Özümdə qüvvə hiss etdim və ştanqı qaldırdım”. İdman.com.az saytının məlumatına görə, bunu Azərbaycan olimpiya millisinin ağırlıqqaldıranı Boyanka Kostova deyib.

Sabah olimpiadada mübarizəyə qoşulacaq 19 yaşlı idmançımız hədəflərini açıqlayıb. Olimpiya oyunlarında toplam start çəki 225 kq sifariş verəcək Kostova Ağır Atletika Federasiyasının rəsmi saytına bildirib ki, özünü medal qazanmağa hazır sayır: “Mən artıq Sinqapur olimpiadasında iştirak etmişəm və birinci yeri tutmuşam. Əminliklə deyə bilərəm ki, yenidən olimpiadada iştirak etsəm medal götürəcəyəm. Özümü buna hazır hiss edirəm”.

Boyankanın əsas rəqibləri sırasında Nastasiya Novikova (Belarus), Hsinq-Çun Kuo (Təayvan), Pimsiri Sirikaev (Tailand) v Çun Mi Yonq (Şimali Koreya) yer alırlar.

Qeyd edək ki, bolqar əsilli idmançımız 2009-cu ildə yeniyetmələr arasında dünya çempionu (Tailand), 2010-cu ildə Avropa çempionatının gümüş mükafatçısı (Belarus), 2010-cu ildə Yeniyetmələr arasında ilk olimpiya oyunlarının qalibi (Sinqapur), 2012-ci ildə Avropa çempionu (Türkiyə) və 2011-ci ildə Azərbaycan çempionu adına yiyələnib.

Xəbər 1349 dəfə oxundu.