Tomas Baxın “Tokio Olimpiadasının təşkili “qurbanlar” tələb edir” ifadəsi kəskin reaksiya doğurub
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Yaponiyanın bir sıra prefekturalarında fövqəladə vəziyyət rejiminin tətbiqi şəraitində ölkə ictimaiyyətinin əksəriyyətinin etirazlarına baxmayaraq, Tokio Olimpiadasının keçiriləcəyini bir daha təsdiq edib.

Bu barədə Kyodo agentliyi Hindistanın PTI informasiya agentliyinə istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, T.Bax Olimpiadanın təşkilinin müəyyən “qurbanlar” tələb etdiyini də deyib.

BOK prezidentinin bu fikri Beynəlxalq Xokkey Federasiyasının konqresində onlayn çıxışı zamanı səsləndirdiyini qeyd edən agentlik T.Baxın sözlərini olduğu kimi təqdim edib: “Biz buna nail olmaq üçün bəzi “qurbanlar” verməyə də hazır olmalıyıq. İdmançılar öz Olimpiya arzularının həyata keçirilməsinə nail olmalıdırlar”.

BOK prezidentinin bu ifadəsinin yapon cəmiyyətinə aid olduğu tam aydın olmasa da, bu fikrin Yaponiyada antiolimpiya əhval-ruhiyyəsini daha da qızışdırdığı qeyd edilir. Bildirilir ki, ictimai rəyin öyrənilməsi üzrə sorğular zamanı insanların daha böyük hissəsinin Olimpiadanın ləğvini və ya təxirə salınmasını istədiyi özünü göstərir.

BOK prezidenti çıxışı zamanı idmançıların peyvənd olunmasını Oyunların təhlükəsiz şəraitdə təşkili üçün mühüm tədbirlərdən biri kimi vurğulayıb.

Xəbər verdiyimiz kimi, mayın 21-də təşkil edilən onlayn mətbuat konfransında BOK-un əlaqələndirici komissiyasının sədri Con Kouts Yaponiya paytaxtında fövqəladə vəziyyət davam edəcəyi təqdirdə belə Tokio Olimpiadasının nəzərdə tutulduğu vaxtda keçiriləcəyini deyib.

Xatırladaq ki, cari ilin martında Tokio Olimpiya Oyunlarının təşkilatçıları yarışların əcnəbi tamaşaçılarsız təşkili barədə qərar qəbul ediblər. Yarışlara yapon tamaşaçıların buraxılması məsələsi isə gələn ay müzakirə olunacaq.

Xəbər 357 dəfə oxundu.