Oyunsonrası penaltilər Azərbaycan klubları üçün kabusa çevrilib
Oyunsonrası penaltilər Azərbaycan klubları üçün kabusa çevrilib. İdman.com.az saytının məlumatına görə, “İnter” Avropa Liqasında çıxışını dayandırmaqla, bu uğursuz ənənənin davamçısı olub.

Belə ki, paytaxt təmsilçisi Yunanıstanda yerli “Asteras”a penaltilər seriyasında uduzub – 2:4. Bununla, komandalarımızın 11 metrlik zərbələrdə “axsaması” növbəti dəfə göz önünə gəlib.

Müstəqillik dönəmində Azərbaycan futbolçuları penalti vurmamaqla ad çıxarmağa başlayıb. Məsələ ondadır ki, “İnter”in məğlubiyyəti avrokuboklarda 4-cü belə yenilgimiz oldu. Qitə arenasında 4-cü dəfə penaltilər seriyası izləyən azərbaycanlı azarkeşlər yenə təmsilçimizin məğlubiyyətini gördü.

Nə “Bakı fəhləsi”, nə “Bakı”, nə də 2 dəfə “İnter” lotereyada qalib gəlib. Ənənəvi olaraq, penaltilər seriyalarında uduzmağımız isə istər-istəməz müstəqillikdən əvvəlki dövrü – SSRİ çempionatlarının nostaljisini yaradır. Həmin çempionatın ən yaxşı penalti ustası, bu sahədə rekordçu olan İqor Ponomaryovun yolunu davam etdirənlər deyəsən, artıq yoxdur.

Hərçənd, məhz Azərbaycan təmsilçisi – “Neftçi” üçün penalti 99 deyil, 100 faizlik qol sayılırdı. İndi isə 4 seriyada üst-üstə 9 penalti qaçırılıb. Yəni 24 zərbədən 15 qol vurulub. Amma Ponomaryovun SSRİ çempionatlarında ardıcıl 24 penalti vurması tarixdə rekord kimi qalmaqdadır.

Xəbər 1094 dəfə oxundu.