Avropa “Top-komanda” kuboku uğrunda yarışların qalibi olan “Azərreyl” qadın voleybol klubunun üzvləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin giriş nitqi
- Əziz idmançılar!
- Əziz voleybolçular!
Mən sizi, Azərbaycanın qadınlardan ibarət voleybol komandasını, komandanın üzvlərini Avropa kuboku uğrunda mübarizədə əldə etdiyiniz gözəl qələbə münasibəti ilə təbrik edirəm. Sizin hər birinizə cansağlığı və idman sahəsində yeni-yeni uğurlar arzulayıram.
Sizin son günlər Azərbaycanda Avropa kuboku uğrunda final yarışlarında çıxışlarınız bütün Azərbaycan xalqının, vətəndaşlarının, Azərbaycan ictimaiyyətinin nəzər-diqqətini cəlb etmişdir. Demək olar ki, hamıda böyük maraq doğurmuşdu və hamını bu yarışlara həm idman sarayında, eyni zamanda televiziya vasitəsi ilə baxmağa məcbur etmişdir. Bu, çox sevindirici haldır və sizin uğurlarınız və nəhayət, finaldakı qələbəniz, hesab edirəm ki, Azərbaycanın idman həyatında, təkcə idman həyatında yox, Azərbaycanın, ümumən, həyatında, tarixində çox əlamətdar bir hadisədir. Ona görə də siz qısa müddətdə Azərbaycanda böyük hörmət qazanmısınız, populyarlıq qazanmısınız. Həm televiziya ilə görən, həm də oyununuzu izləyən hər bir kəs sizi sevir, sizə çox böyük rəğbət bəsləyir.
Mən bu gün sizi dəvət etmişəm ki, bir daha öz təbrikimi çatdırım və sizə yeni-yeni uğurlar arzulayım. Əvvəlcə, istərdim ki, sizi dinləyim, ondan sonra görüşümüzü davam edək. Buyurun.

14 mart 2002-ci il

Xəbər 3127 dəfə oxundu.