Londondakı Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi olub
Bu gün Bakı vaxtı ilə saat 15.30-da (London vaxtı ilə saat 11.30) Londondakı Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi olub. İdman.com.az saytının məlumatına görə, mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri - gənclər və idman naziri Azad Rəhimov, onun müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, London Olimpiya yığmamızın şef de-missionu İlham Mədətov, digər rəsmi şəxslər və idmançılar iştirak ediblər.

Mərasimi London Olimpiya kəndinin meri açıb. O, Azərbaycan nümayəndə heyətini salamlayıb və onlara uğurlar arzulayıb.

Bundan sonra Azərbaycan nümayəndə heyətinin şef de-missionu Mədətov tribunaya dəvət olunub. Beynəlxalq Olimpiya Komitəsinin bayrağı qaldırıldıqdan sonra himnimizin sədaları altında Olimpiya kəndində üçrəngli bayrağımız qaldırılıb. Ardından Mədətov bütün ölkələr üçün ayrılan xatirə kitabına öz imzasını atıb.

Qeyd ki, iyulun 27-də start götürəcək London-2012-də Azərbaycan yığması 53 idmançı ilə mübarizə aparacaq.

Xəbər 972 dəfə oxundu.