“Qəbələ” Sloveniyada 4-cü yoxlama oyununu keçirib
Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” adıçəkilən ölkədə 4-cü yoxlama oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, Serbiya təmsilçisi “Borça” ilə üz-üzə gələn komanda 1:2 hesabı ilə məğlub olub.

Görüşün ilk dəqiqələrdən “Qəbələ”nin sürətli hücumları ilə başlayıb. Xüsusən cinahlardan Rəşad Abdullayev və Rövşən Əmiraslanovun keçidləri rəqibi ilk hissə ərzində daim təzyiq altında saxlayıb. 32-ci dəqiqədə təmsilçimiz üstünlüyünü qola çevirib. Aleksandr Çertoqanov Rövşən Əmiraslanovun ötürməsindən sonra topu cərimə meydançasının önündən qüvvətli zərbə ilə tora göndərib. 5 dəqiqə sonra isə “Qəbələ” hesabı artırmaq şansından yararlana bilməyib. Cərimə meydançası daxilində Rəşad Abdullayevin qarşısının kobudluqla alınmasından sonra hakim rəqibin qapısına penalti təyin edib. Topa yaxınlaşan Daniel Kruzun zərbəsi qapı tirinə tuş gəlib.

İkinci hissəyə hər iki tərəf müəyyən əvəzetmələrlə çıxıb. Final fitinə kimi matç bərabər mübarizə şəraitində keçsə də, rəqib əlinə düşən iki imkanı maksimum dəyərləndirib. Beləliklə, “Qəbələ” Sloveniyada keçirdiyi 4-cü yoxlama oyunundan da məğlubiyyətlə ayrılıb – 1:2.

“Qəbələ” qarşılaşmanı bu heyətlə keçirib: Anar Nəzirov, Omar Kalabane (Vurğun Hüseynov ), Murad Musayev (Nodar Məmmədov), Rəşad Abdullayev (Ürfan Abbasov), Aleksandr Çertoqanov (Deyan Kelhar), Şəhriyar Xəlilov, Yaşar Abuzərov (Seymur Əsədov), Kamal Mirzəyev (Kamal Mirzəyev), Daniel Kruz, Rövşən Əmiraslanov (Elmar Baxşıyev), Amil Yunanov (Yannik Kamanan).

Qeyd edək ki, yüngül zədəsi olan Luis Hilario Dodo və Rəşid Əmiraslanov heyətdə yer almayıbla

Xəbər 941 dəfə oxundu.