Rusiya yığmasında yeni məşqçilər korpusu tam formalaşdırılıb
Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasında yeni məşqçilər korpusu tam formalaşdırılıb. İdman.com.az saytının məlumatına görə, gələn həftə Rusiya Futbol İttifaqı ilə bağlayacağı müqavilə ilə rəsmən baş məşqçi olacaq italiyalı Fabio Kapellonun 7 köməkçisi olacaq. Bunlardan 5-i həmyerliləri, 2-si isə yerli mütəxəssislər nəzərdə tutulub.

İtaliyalı məşqçilərdən Oreste Çinkvini yığmanın idman direktoru postunu tutacaq. Millinin ikinci məşqçisi İtalo Qalbyati, fiziki hazırlıq üzrə çalışdırıcı Massimo Neri olacaq. Qapıçılarla işləyən məşqçi Franko Tankredidir.

Köməkçiləri arasında ən tanınmışı olan ötənlərin məşhur futbolçusu Kristian Panuççinin vəzifəsi müəyyənləşib. Belə ki, “Milan”, “Real”ın, “Roma”nın və İtaliya yığmasının keçmiş müdafiəçisi rəqiblərin, o cümlədən millimizin seçmə mərhələdə oyunlarını izləməklə məşğul olacaq.

Kapellonun rusiyalı köməkçisi Andrey Talalalyev olacaq. Nikolay Pisarev isə məşqçilər korpusunun genişləndirilmiş siyahısına daxil olaraq, orada gənclər yığmasının baş məşqçisi kimi təmsil olunacaq. Ehtimal olunur ki, Kapello Çinkvini və Qalbyati Rusiyada yaşayacaq, Neri ilə Tnkredi isə bu ölkəyə millinin rəsmi oyunlarına və təlim-məşq toplanışına gələcək.

Xəbər 1117 dəfə oxundu.