Akademik avarçəkənlərimiz Londonda
London Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan akademik avarçəkənləri Nataliya Mustafayeva və Aleksandr Aleksandrov iyulun 22-də Böyük Britaniyanın paytaxtı Londona yollanıb. İdman.com.az saytının xəbərinə görə, Polşanın Ostroda şəhərindəki təlim-məşq toplantısını başa vuran avarçəkənlərimiz artıq olimpiadanın keçiriləcəyi məkandadırlar.

Onlar milli komandamızın baş məşqçisi Rudiger Hauffe və onun köməkçisi Yuliana Stoyeva ilə birgə “Eton Dorney” Avarçəkmə Mərkəzi yaxınlığındakı mehmanxanada məskunlaşıblar. Olimpiadada çıxış edəcək bütün ölkələrin avarçəkənləri Olimpiya Kəndində deyil, məhz bu mehmanxanada qalacaqlar. Səbəb yarış məkanının şəhər kənarında yerləşməsidir. Şəhərdən Avarçəkmə Mərkəzinə yolun uzunluğunu nəzərə alan təşkilatçılar belə bir qərar qəbul ediblər.

Aleksandrov və Mustafayeva bu gün “Eton Dorney”də ilk məşqə çıxacaqlar. Onların rəqibləri iyulun 26-da yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə saat 19:30) atılacaq püşk nəticəsində müəyyənləşəcək. Mübarizəyə isə iyulun 28-də start veriləcək.

Qeyd edək ki, Aleksandr Aleksandrov kişilər, Nataliya Mustafayeva isə qadınlar arasında 1-nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Aleksandrovun 32, Mustafayevanın 27 rəqibi olacaq. Onlar mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar. İyulun 29-da təsəlli, iyulun 31-də 1/4 final yürüşləri keçiriləcək. Yarımfinala yüksələcəyi halda, Aleksandrov avqustun 1-də, Mustafayeva avqustun 2-də yürüşə qatılacaq. Final yürüşləri isə 3-4 avqustda olacaq.

Xəbər 1447 dəfə oxundu.