XXVII Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları ilə görüşdə Prezident Heydər Əliyevin giriş nitqi
- Əziz idmançılar!
- Hörmətli xanımlar, cənablar və dostlar!
Bu gün Azərbaycan xalqının böyük bayramıdır. Azərbaycanın dövlət müstəqilliyi haqqında qəbul olunmuş Konstitusiya aktının 9-cu ildönümüdür. Bu möhtəşəm bayram münasibəti ilə mən sizi, bütün Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını səmimi qəlbdən təbrik edirəm, xalqımıza, millətimizə sülh, əmin-amanlıq, rifah, tərəqqi və daimi müstəqillik arzulayıram.
Bu gün eyni zamanda bizim idmanımızın bayramıdır. Xalqımızın idman qələbələri ilə əlaqədar olan bayramıdır. Biz bu gün buraya Sidneydə XXVII Yay Olimpiya Oyunlarında iştirak etmiş, böyük nailiyyətlər əldə etmiş və böyük qələbə ilə vətəninə, Azərbaycana qayıtmış idmançılarımızı salamlamaq üçün, onlarla görüş üçün toplaşmışıq. Tamamilə təbiidir ki, müstəqillik günü bayramımızda biz müstəqilliyin Azərbaycana bəxş etdiyi bir çox nemətlər və əldə etdiyimiz bir çox nailiyyətlər sırasında idman sahəsində də böyük nailiyyətlər əldə etmişik. Bu gün bu nailiyyətlərin bayramını biz müstəqillik bayramı münasibəti ilə bir yerdə keçiririk.
Biz avqustun 25-də Zuğulbadakı “Gənclik” kompleksində XXVII Yay Olimpiya Oyunlarına gedən idmançılarımızla görüşdük, onlara öz məsləhətlərimizi, tövsiyələrimizi verdik və öz arzularımızı bildirdik. Bizim arzularımız onların arzuları idi. Bizim arzularımız bütün Azərbaycan xalqının arzuları idi. O da ondan ibarət idi ki, Azərbaycan nümayəndə heyəti, Azərbaycanın nümayəndələri müstəqil Azərbaycanı dünyanın ən böyük idman yarışında təmsil edərək, qələbələr, nailiyyətlər əldə etsinlər. Azərbaycan bayrağını uzaq Avstraliyada qaldırsınlar. Mən bu gün bütün xalqımızın iftixar hissini ifadə edərək deyirəm ki, Azərbaycan idmançıları, Azərbaycanı təmsil edən bizim nümayəndə heyəti verdikləri sözə sadiq olmuşlar, çalışmışlar, yarışmışlar, vuruşmuşlar və böyük qələbələr əldə etmişlər.
Azərbaycan xalqının tarixində bu böyük qələbə ilk qələbədir. Biz indiyə qədər heç vaxt idman sahəsində bu qədər yüksək zirvələrə çatmamışıq. 200-ə qədər ölkənin nümayəndələrinin, idmançılarının, demək, bütün dünyanın, bütün yer kürəsinin idmançılarının toplaşıb yarış keçirdiyi bir prosesdə gənc, müstəqil Azərbaycanın, o qədər də böyük olmayan bir ölkənin idmançıları iki qızıl medal, bir bürünc medal aldılar və bir neçə idmançımız da çox yaxşı yerlər tutdu. Onlar Azərbaycanın şan-şöhrətini qaldırdılar. Onlar buradadırlar. Biz onlarla görüşə gəlmişik.
Əziz dostlar!
Əziz idmançılar!
Əziz gənclərimiz!
Mən sizi bu qələbə münasibəti ilə bütün Azərbaycan xalqı adından, millətimiz adından, dövlətimiz adından ürəkdən təbrik edirəm və sizə hədsiz minnətdarlığımızı və təşəkkürümü bildirirəm.
Ötən 9 ildə Azərbaycanın müstəqillik dövründə bizim nailiyyətlərimiz az olmayıbdır. Ancaq indiyə qədər bütün xalqımızı, bütün vətəndaşlarımızı bu qələbə qədər, bu nailiyyət qədər sevindirən heç bir şey olmamışdır. Bütün xalq sevinmişdir.
Siz bizə sevinc gətirmisiniz. Siz bizim xalqımızda böyük ruh yüksəkliyi yaratmısınız. Siz Azərbaycan xalqının, Azərbaycan övladının nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmisiniz. Sizə bir daha təşəkkür edirəm. Sizi bir daha təbrik edirəm.
Amma, eyni zamanda, siz avqustun 25-də verdiyiniz sözlərin yerinə yetirilməsi haqqında yəqin ki, raport vermək istəyirsiniz. Doğrudur, siz raportunuzu uzaq Sidneydə verdiniz və oradan gələn sədalar artıq sizin verdiyiniz sözlərə sadiq olduğunuzu göstərdi. Eyni zamanda bu gün biz sizinlə görüşə gəlmişik. Sizi görmək istəyirik və sizin sözlərinizi eşitmək istəyirik.

18 oktyabr 2000-ci il



Xəbər 1792 dəfə oxundu.