“Rabitə”də 2-ci yerli məşqçi
Azərbaycan çempionu “Rabitə” məşqçilər korpusunu komplektləşdirib. İdman.com.az saytının məlumatına görə, ölkə voleybolunun inkişafına daima öz töhfəsini verən dünya çempionları yeni baş məşqçi Marçello Abbondanzanın köməkçilərinin adlarını açıqlayıb.

Belə ki, italiyalı mütəxəssisin də ikinci köməkçisi funksiyası Pərviz Səmədova həvalə olunub. Ötən mövsüm Zoran Qayiçlə çalışmış yığmamızın sabiq üzvü ilə yanaşı, digər həmyerlimiz – Ziya Rəcəbov da klubda işini davam etdirəcək. O, 3-cü məşqçi vəzifəsinə təyin olunub. Təmsilçilərimizə bu etimadın göstərilməsində əsas məqsəd Azərbaycanda voleybol mütəxəssislərinin yetişməsinə və yerli kadr çatışmazlığının aradan qaldırılmasına hesablanıb.

Qeyd edək ki, Səmədov və Rəcəbovdan öncə Abbondanzanın “Villa Kortese”də birgə çalışdığı İvan Braqaqni, Marco Monzoni və Fabio Dalla Finanin də “Rabitə”də işləyəcəyi dəqiqləşmişdi.
Onlar dünya çempionlarının heyətində müvafiq olaraq, fiziki hazırlıq, fizioterapiya və statistika üzrə məşqçi kimi çalışacaqlar.

Xəbər 978 dəfə oxundu.