London-2012: Medallar Tauerdə qorunur
London olimpiadası və paralimpiadasının 4700 medalı qorunmaq üçün Londonun ən qədim tikililərindən biri olan Tauer qəsrinə təhvil verilib. İdman.com.az saytının məlumatına görə, Tauerdə Britaniya taxt-tacının bütün zinət əşyaları və xəzinəsi qorunur. Olimpiadalar tarixinin ən ağır medallarını cənubi Uelsin Llantrizant şəhərində hazırlanıb. Onu diametri 85 mm, qalınlığı 7 mm, çəkisi 400 qramdır. Medalın tərtibatçı rəssamları Devid Uotkins və İngiltərənin Hempşayr qraflığının təbəəsi nəqqaş Lin Çundur.

Onun üz tərəfində yunan əsatirlərinin qələbə ilahəsi Nika qədim amfiteatrları xatırladan stadion fövqündə təsvir olunub. Arxa tərəfdə yarışın loqotipi kəsişib bir-birindən ayrılan şüaların mərkəzində verilib. Bu isə idmançıların yarış enerjisi və birlik hisslərinin vəhdətinin təzahürü sayılır. Bu hissədə təntənəli mərasimlərdə geyimdə diaqonal boyu yerləşən lent kimi Temza çayı təsvir olunub və o, yarışın məkanını bildirir.

Medalların hazırlanmasına sərf olunmuş 8 tona yaxın qızıl, gümüş, mis ABŞ-ın Yuta ştatında və Monqolustandakı mədənlərdən çıxarılıb. Mükafatlarda əsasən gümüşdən, ondan da çox misdən istifadə edilib. Qalibələrə veriləcək medallarda yüksək əyarlı qızılın miqdarı çox azdır – cəmi 1,34 faiz. Gümüş 92,5, qalanı misdir. İkinci yerlərin sahiblərinin mükafatında gümüşün miqdarı qızıl medaldakı qızılın faizi qədərdir. Qalan hissə misdən ibarətdir və tərkibində qızıl ümumən yoxdur. Bürünc medalın 97 faizi misdir. Ona 2,5 faiz sink və 0,5 faiz qalay əlavə olunub.

Xəbər 1773 dəfə oxundu.