Qələbələrin davamı olacaqmı?
Sabah Avroliqada II təsnifat mərhələsinin oyunları keçiriləcək. İdman.com.az saytının məlumatına görə, Azərbaycanın turnirdə qalan təmsilçiləri “İnter”lə “Xəzər Lənkəran” növbəti sınaq qarşısındadır. Özü də hər 2 komandamız mübarizəyə evdə başlayaraq, bu dəfə güclü rəqiblə münasibətlərini aydınlıq gətirəcək. Yəni rəqiblər Estoniya təmsilçiləri yox, Avropanın futbol ölkələrinin komandalarıdır. Çempionlar Liqasında “Neftçi”nin evdə Gürcüstanın “Zestafoni” klubuna böyük hesabla qalib gəlməyindən sonra Avroliqadakı təmsilçilərimizdən də evdə uğurlu start gözləyirik.

“Xəzər Lənkəran” Estoniyanın “Nomme Kalyu” klubu ilə olduğu kimi, “Lex”lə də ilk olaraq evdə üzləşəcək. Rəqib nəinki ona, klublarımıza yaxşı tanışdır. Belə ki, Poznan klubu 4 il öncə UEFA kubokunda lənkəranlılara hər oyunda qalib gəlib – səfərdə 1:0, evdə 4:1. “Karvan” və “İnter”i də avrokuboklardan kənarlaşdıran “Lex” turnirin qrup mərhələsində oyun təcrübəsi var. “Xəzər Lənkəran” isə tarixində avrokuboklarda ilk qələbəsini Estoniyada qazanıb, ilk dəfə mərhələni keçəndən sonra uğurlu çıxışını davam etdirmək istəyir.

Təbii ki, 2008-ci illər müqayisədə komandaların heyətində böyük dəyişikliklər baş verib və həmin matçlardan qalan futbolçular azdır. Lənkəranlılar mərhələ keçmək üçün evdə mütləq qalib gəlməlidir. Çünki mərhələ keçmək vəzifəsini Estoniyadan fərqli Polşaya saxlamaq, orada qalib gəlmək çətin olacaq. “Lex”in güclü azarkeş dəstəyində altında inamlı təsir bağışlamağı çoxlarına məlumdur. Buna görə də Yunis Hüseynovun baş məşqçisi olduğu komanda Lənkəranda uğurlu nəticə qazanıb, Poznana üstünlüklə yollanmalıdır. Bu zaman artıq səfərdə heç-heçə, hətta məğlubiyyət də mərhələ keçməyə imkan verə bilər.

Estoniyanın “Trans” klubuna hər 2 oyunda qalib gələn “İnter”in isə həm budəfəki rəqibinin münasib, həm də heyətinin daha güclü olmağı onun mərhələ keçməyinə inamı artırır. Hər halda, mövsümlərarası fasilədəki transferlərin faydasını görən “bankçılar”in üzləşəcəyi “Asteras” Yunanıstan təmsilçisi, 81 yaşı olsa da, ilk dəfə avrokuboklarda çıxış edir. Özü də bu, AEK avrokuboklardan kənarlaşdırıldıqdan sonra onun yerinə, 6-cı pillənin sahibi kimi qatılan komandadır. Tripoli klubunun beynəlxalq təcrübəsinin olmamağı “İnter”in işinə yaramalıdır. Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda püşkə görə ötən mərhələdə də ilk oyununu evdə keçirməli olsa da, UEFA sonradan məkanı dəyişdirdi. Ancaq bu dəfə “Bakı” mübarizədən kənarda qaldığından dəyişikliyə ehtiyac olmadı və deməli, bakılılar evdə qalib gəlib, Yunanıstana rahat yollanmalıdır.

Avroliqa, II təsnifat mərhələsi
İlk oyunlar

19 iyul

20:00. “Xəzər Lənkəran” (Azərbaycan) – “Lex” (Polşa)
Baş hakim: Robert Şörgenhofer (Avstriya)
Lənkəran. Şəhər mərkəzi stadionu

21:00.“İnter” (Azərbaycan) – “Asteras” (Yunanıstan)
Baş hakim: Lars Kristoferson (Danimarka)
Bakı. “Dalğa Arena” stadionu

Xəbər 1043 dəfə oxundu.