“Hazırda məqsədimiz futbolçular arasında anlaşmanı möhkəmləndirməkdir”
“Yeni mövsüm öncəsi ikinci hazırlıq matçımızı oynadıq. Gərgin və maraqlı oyun oldu. Hər hissədə fərqli komandalarla meydançaya çıxdıq”. İdman.com.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.

Türkiyəli mütəxəssis Sloveniyada baş tutan ikinci yoxlama oyunundan – Serbiya təmsilçisi “İndiya” ilə (0:2) qarşılaşmadan sonra fikirlərini gabalafc.az-la bölüşüb. Kavlak belə matçların taktiki-texniki səhvləri görmək baxımından önəm kəsb etdiyini söyləyib: “Sürətli bir komandaya qarşı yüksək tempdə mübarizə apardıq. Təbii ki səhvlərimiz oldu. Bu səhvlərimizi aradan qaldıracağıq. Hər şey planlaşdırdığımız kimi gedir”.

Baş məşqçi qarşıdakı yoxlama oyunlarında sabit heyətlə meydançaya çıxacaqlarını bildirib: “Qarşıda daha 4 oyunumuz var. Bu oyunlarda ideal 11-liyimizi formalaşdıracağıq. Arxada qoyduğumuz 2 oyun fiziki və taktiki baxımdan keçid oyunları idi. Artıq növbəti matçlarda meydançaya çıxan futbolçular 90, 80, 70 dəqiqə mübarizə aparacaqlar. Getdikcə matçları bir neçə əvəzetmə ilə tamamlayacağıq. Bu özünü qarşılaşmaların nəticələrində də göstərəcək. Hazırda məqsədimiz futbolçular arasında anlaşmanı, uyğunlaşmanı təmin etmək, möhkəmləndirməkdir”.

Xəbər 978 dəfə oxundu.