Təmsilçilərimiz 713 gündür avrokuboklarda ev oyunlarında uduzmur
Bakının “Neftçi” komandası özünün və Azərbaycan klublarının avrokuboklardakı uğurlu seriyasını davam etdirməyə çalışacaq. İdman.com.az saytının məlumatına görə, təmsilçilərimiz 713 gündür avrokuboklarda ev oyunlarında uduzmur. Sonuncu belə üzüntünü “Qarabağ” yaşayıb.

2010-cu il avqustun 4-də Almaniya “Borussiya”sını qəbul edən ağdamlılar Dortmund təmsilçisinin qələbəsinə əngəl ola bilməmişdi. Lukas Barrisun son dəqiqələrdəki qolu klublarımızın Avropada son yenilgisi idi.

Bundan sonra ötən mövsüm 6, cari mövsüm 3 qarşılaşmada əcnəbilər Bakıdan qələbəsiz ayrılmışdı. Bu 9 oyunda təmsilçilərimiz 3 qələbə qazanıb və 6 dəfə heç-heçə edib. Məğlubiyyətsiz seriyanı 10-a çatdırmalı olan “Neftçi”nin özü də çoxdandır Bakıda uduzmur.

“Ağ-qaralar” 4723 gün əvvəl - 1999-cu il avqustun 12-dən sonra avrokuboklardakı ev oyunlarında uduzmur. Serbiya təmsilçisi “Srvena Zvezda”ya 2:3 hesabı ilə uduzan bakılılar ardıcıl 11 qarşılaşmada meydanı yenilgisiz tərk edib. Bu gün Gürcüstan “Zestafoni”sini qəbul edəcək “Neftçi” öz seriyasını 12-yə, ölkəmizin klublarının seriyasını 10-a çatdırmağa cəhd edəcək.

Xəbər 1001 dəfə oxundu.