Samir Əliyev bu gün karyerasını rəsmən başa vuracaq
Azərbaycan milli komandasının sabiq futbolçusu Samir Əliyev bu gün karyerasını rəsmən başa vuracaq. İdman.com.az saytının məlumatına görə, 33 yaşlı hücumçu üçün Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində uzun illər şərəfini qoruduğu “Neftçi” ilə Gürcüstanın “Zestafoni” klubları arasında “Dalğa Arena”da keçiriləcək oyunda vida matçı təşkil olunacaq. Belə ki, saat 21:00-da start götürəcək oyun Samirin topa ilk toxunuşu ilə başlayacaq.

Bizdə adətən belə vidalaşma praktika olsa da, bu, əsasən çempionat oyunlarında baş verib. Ancaq bu, beynəlxalq matç olduğundan, ona UEFA-nın icazəsi lazımdır. Bu məsələni qurumla, onun Bakıdakı matça göndərdiyi nümayəndəsi ilə razılaşdıran “Neftçi” rəhbərliyi artıq məşqçi kimi güvəndiyi Əliyevə hədiyyələr təqdim edəcək. Bununla da ilk dəfə beynəlxalq oyunda hansısa futbolçumuz üçün vida matçı təşkil olunacaq.

Qeyd edək ki, Samir karyerasının ən yaxşı illərini keçirdiyi “Neftçi”də 2 müxtəlif vaxtda oynayıb. Bunlardan ən uğurlusu ilk dövr olub. Belə ki, o, komandada çıxış etdiyi 1999-2002-ci illərdə 55 oyunda 13 qol vurub. Əliyevin “Neftçi”yə oynadığı 2-ci dövr 2006-10-cu illər olub. Onda hücumçu 47 matçda 8 dəfə fərqlənib. Nəticədə Samir ümumilikdə bu komandada 102 oyunda 21 qol vurub. Karyerası həmçinin U-18, “Bakılı”, OİK, “Xəzər Lənkəran”, “İnter”, “Simurq”, “Turan”a bağlı olan Əliyev xaricdə Ukraynada “Volın” və Rusiyanın “Uralan” klublarında oynayıb. O, millidə 31 oyunda 4 qol vurub.

Xəbər 1104 dəfə oxundu.