Çempion «qonşu rəqabəti»nin sınağında
Bu həftə Azərbaycan çempionu da Avropaya qədəm qoyur. Budəfəki rəqib Gürcüstan təmsilçisidir. Ötən illə müqayisədə bu mövsüm «Neftçi»yə çətin rəqib düşmədiyini iddia etmək olar. Ümumi müqayisədə, bu belədir. Lakin ötənilki Avrokuboklarda çıxışına əsasən, «Zestafoni»ni heç də asan rəqib saymaq olmaz. Komanda ənənəvi gürcü futbolu üslubuna söykənən, daxili ehtiyata güvənən kollektivdən ibarətdir. Söz yox ki, imkanlar baxımından «Neftçi»nin üstünlüyü danılmazdır. Hələ Sovetlər dövründən qonşu ölkələrin kollektivləri arasında gizli rəqabət olduğunu da bura əlavə etsək, Azərbaycan təmsilçisi bu dəfə böyük sınaq ərəfəsindədir. Elə komandanın baş məşqçisi üçün də bu matç həlledici xarakter daşıyır. Çünki o, «Bakı»nı çalışdırdığı vaxt həmin ölkənin çempionu olmuş «Sioni»yə məğlub olmuşdu.

«Ağ-qaralar» mövsümə hazırlığı bir qədər qəribə notlarla başlasalar da, hazırda normal oyun səviyyəsində olmalıdırlar. Lakin hər şeyə, iki oyundan ibarət seriya daha aydın cavab verəcək.
«Neftçi»nin sifariş etdiyi siyahıda yeni futbolçular da var. Bunlardan ikisi - müdafiəçi Tərlan Quliyev («Sumqayıt») və Araz Abdullayev («Panionis», Yunanıstan) icarədən qayıdanlardır. Yerli klublardan qapıçı Emil Balayev («Sumqayıt»), Saşa Yunusoğlu («Qəbələ»), Rəşad Sadiqov («Qarabağ»), syerraleoneli Cülius Vobay («Xəzər Lənkəran») alınıb. Ölkəmizdə yeni adlar olacaq futbolçular isə Brunu Bertuççi, Erik Ramos, Nikolas Kanalesdir.

Avstriyadakı təlim-məşq dövründə paytaxt təmsilçisinin bir neçə oyununu qeyd etmək olar. Komandanın bir oyunu – Zaqreb «Dinamo»su ilə görüşü hesab bakılıların xeyrinə 1:0 ikən güclü yağış səbəbindən başa çatdırılmadı. Amma bundan əvvəl «ağ-qaralar» Kiyev «Dinamo»suna 0:5, Rusiyanın Krasnodar «Kuban»ına 0:2 uduzmuş, Buxarest «Dinamo»suna isə 2:0 hesabı ilə qalib gəlmişdi.
Komanda buna qədər Türkiyədə toplantı keçirmişdi və orada Rusiyanın «Mordoviya» komandasına 0:4 hesabı ilə yenilmiş, İranın «Sepahan» kollektivinə isə 1:0 hesabı ilə qalib gəlmişdi. Əlbəttə, bu matçların nəticələri rəsmi mərhələ ərəfəsində elə də böyük təhlil obyekti ola bilməz və yalnız komandanın məşqçi korpusu üçün müzakirə mənbəyidir. Bununla belə, nəticələr bir qədər ehtiyatlı olmağa əsas verir.

Komandanın sifariş ərizəsi: Qapıçılar - Rauf Mehdiyev, Saşa Stamenkoviç, Emil Balayev; müdafiəçilər - Rail Məlikov, Saşa Yunusoğlu, Tərlan Quliyev, İqor Mitreski, Brunu Bertuççi, Elvin Yunuszadə; yarımmüdafiəçilər: Rəşad Ə.Sadiqov, Rodriginyu, Flavinyu, Cülius Vobay, Erik Ramos, Araz Abdullayev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev; hücumçular - Elşən Abdullayev, Nikolas Kanales, Bahadır Nəsimov, Kərim Diniyev, Emin Mehdiyev, İlham Allahverdiyev.

Çempionlar Liqası. İkinci təsnifat mərhələsi

İlk oyun
«Neftçi» (Azərbaycan) – «Zestafoni» (Gürcüstan)
17 iyul. 21:00. «Dalğa-Arena».
Referi: Marius Avram (Rumıniya).

Cavab matçı
24 iyul. 22:00. Zestafoni. David Abaşidze adına stadion.
Referi: Artyom Kuçin (Qazaxıstan).

Xəbər 1142 dəfə oxundu.