Baku Cup 2012 start götürür

21-28 iyul 2012-ci il tarixlərində qadınlar arasında WTA "Baku Cup-2012" turniri keçiriləcək. Əsas setkada 32 yüksək reytinqli tennisçi mübarizə aparacaq.

WTA Tour-un (Women`s Tennis Association) rəhbərliyi ilə keçirilən "Baku Cup" turnirinin mükafat fondu ötən il olduğu kimi bu il də 220 min ABŞ dollarıdır.

Ötən il Vera Zvonaryova, Anastasiya Pavlyuçenkova, Aravane Rezai və digər ulduzların çıxış etdiyi "Baku Cup"da bu il də Kseniya Pervak, Anna Tatişvili, Katerina Bondarenko kimi məşhur tennisçilər mübarizə aparacaqlar. Ölkəmizi isə "Baku Cup-2011"də olduğu kimi gənc tennisçimiz Kamilla Fərhad təmsil edəcək.

Oyunlar Bakı Tennis Akademiyasının (BTA) 4 kortunda keçiriləcək. Final oyunu isə 28 iyul tarixində 3000 tamaşaçı tutumuna malik Mərkəzi Kortda baş tutacaq. Bütün oyunlar həm yerli, həm də xarici idman kanallarında canlı olaraq işıqlandırılacaq.

Xəbər 1168 dəfə oxundu.