Şənbə günü Bakıda ənənəvi beynəlxalq cüdo turnirinə start veriləcək
Aprel 9-dan 11-dək İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor H.Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə XXXIV Beynəlxalq Bakı turniri keçiriləcək. Bakı şəhər Gənclər və İdman Baş İdarəsindən idman.com.az saytına verilən məlumata görə, idarənin tədbirlər planına əsasən keçirilən builki yarışlar Şağan Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Tədbirin proqramına görə, aprelin 9-da saat 15-də yarış iştirakçıları və ölkəmizin idman ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını, daha sonra İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor H.Aslanovun məzarını ziyarət edəcəklər.

Həmin gün saat 17-də isə Şağan Olimpiya İdman Kompleksində yarışın təntənəli açılış mərasimi keçiriləcək.

Turnirdə Azərbaycan, İran, Gürcüstan, Rusiya, Türkiyə idmançıları iştirak edəcəklər.

Qeyd edək ki, 40 ildən çoxdur ki keçirilən bu yarışın əsas məqsədi xalqımızın qəhrəman oğlu general-mayor Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi, cüdo idman növünün geniş təbliğ olunması, iştirakçıların idman ustalığının artırılması, xarici ölkələrin idmançıları ilə dostluq və idman əlaqələrinin möhkəmləndirilməsidir.

Xəbər 1479 dəfə oxundu.