London Olimpiadasında bütün dinlər üçün dini mərkəz açılacaq

London Olimpiya Şəhərciyində Britaniya Olimpiya Komitəsinin təşəbbüsü ilə bütün dinlərin – islam, xristian, yəhudi, buddizm dinlərinə məxsus şəxslər üçün ibadət və dua otaqları olan xüsusi dini mərkəz açılacaq.

Burada 5 dünya dininin 200-ə yaxın xadimi xidmət göstərəcək.

Olimpiada ramazan dövrünə düşdüyündən, müsəlman idmançılar üçün oyunlarda iştirak etmək bir qədər çətin olacaqdır. İki il əvvəl bəzi islam təşkilatları olimpiadanın vaxtını dəyişməyi də təklif etmişdilər.
Olimpiya Dini Mərkəzinin rəhbəri, ingilis keşişi Dunkan Qrinin sözlərinə görə, müsəlman idmançıların qidalanma qrafiki ramazan ayına uyğunlaşdırılıb.

İngiltərə və Cənubi Uelsin katolik yepiskopları konfransı Olimpiada zamanı Olimpiya şəhərciyi yaxınlığındakı müqəddəs Bonaventura məktəbində fəaliyyət göstərəcək gənclər düşərgəsi təşkil edib.

Dünyanın 13 ölkəsindən, ABŞ, Avstraliya, Polşa, Litva, Uqanda və Keniyadan gənclər təşkilatları yepiskopluğun çağırışına səs verib.

Yay Olimpiya oyunları iyulun 27-dən avqustun 12-dək, Paralimpiya oyunları isə avqustun 29-dan sentyabrın 9-dək Londonda keçiriləcək.

AzərTAc

Xəbər 1036 dəfə oxundu.