“İnter” avrokuboklarda 4 illik həsrətə son qoyub
“İnter” avrokuboklarda 4 illik həsrətə son qoyub. İdman.com.az saytının məlumatına görə, komanda sonuncu dəfə buna 2008-ci ildə - indiki adı ilə ilk dəfə Avropada çıxış edəndə nail olmuşdu. Onda “bankirlər” Çempionlar Liqasında Makedoniyanın “Rabotniçki” klubunu səfər qolu hesabına keçmişdi – evdə 0:0, səfərdə 1:1. Ancaq “İnter” bu dəfə Avroliqada Estoniyada “Trans” klubu hər 2 oyunda məğlub etməklə (səfərdə 5:0, evdə 2:0) mərhələ adladı.

Komanda ilk dəfə mərhələni isə 2004-cü ilə kimi adlandırıldığı “Xəzər Universiteti” ilə keçmişdi. Düzdür, onda Avstriyanın “Kazino Bregens”klubuna səfərdə 0:4 hesablı məğlubiyyətdən sonra rəqibin heyətində “lipa” futbolçusu olduğundan, UEFA nəticəni ləğv olunaraq, komandamıza 3:0 hesablı texniki qələbə verdi. Bu, sonda mərhələ keçməyə imkan verən nəticə oldu.

“İnter”in mərhələ keçməyi ümumilikdə klublarımızın avrokuboklarda atdığı 19-cu addım olub. 1994-cü ildə qitə kuboklarında debüt edən Azərbaycan təmsilçilərindən hamıdan çox “Qarabağ” mərhələ adlayıb – 8 dəfə. Bu dəfə avrokuboklardan kənarda qalan Ağdam təmsilçisi buna da hamıdan çox – 4 müxtəlif mövsümdə nail olub. “İnter” isə mərhələ sayına görə 3-cü yerdə mövqeyini möhkəmlətdi və “Neftçi” ilə fərqini minimuma endirdi. Yəni komanda Yunanıstanın “Astoris” klubunu keçərsə, həmşəhərlilərinə çataraq, göstəricisini eyniləşdirəcək.

Azərbaycan klublarının avrokuboklarda keçdiyi mərhələlərin sayı

8 - “Qarabağ” – 1 (1999/2000), 2 (2009/10), 3 (2010/11), 2 (2011/12)
4 - “Neftçi” – 1 (2004/05), 1 (2005/06), 2 (2008/09)
3 - “İnter” – 1 (2004/05), 1 (2008/09), 1 (2011/12)
1 - “Şəmkir” – 1 (2000/01)
1- “Karvan” – 1 (2006/07)
1 - “Bakı” – 1 (2009/10)
1 - “Xəzər Lənkəran” - 1 (2012/13)

Xəbər 995 dəfə oxundu.