UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. İdman.com.az saytının məlumatına görə, 2012/13 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsinin başa çatmasından sonra UEFA ölkələri xal hesablarını dəyişə bilib.

Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına daha 0,250 xal əlavə edib. Bu, “İnter”in Estoniya “Trans”ını evdə də məğlub etməsi sayəsində mümkün olub. Bununla da cari mövsüm toplanan xalların ümumi sayı 1,000-ə çatıb. Bunun düz yarısı – 0,500-ü “İnter”ın payına düşür. “Xəzər Lənkəran” 0,375, “Bakı” isə cəmi 0,125 xal qazanıb.

Bu isə ölkəmiz reytinqini 6,541-ə çatmasına imkan verib. Lakin ölkəmizin mövqeyi dəyişməz qalıb. Hərçənd 35-ci olan Azərbaycan özündən irəlidəki İrlandiyanı arxada qoymağa yaxın idi. Bunun üçün “Bakı”nın özündən qat-qat zəif, 13 minlik şəhəri təmsil edən “Mura”nı məğlub etməsi lazım idi. Lakin Bakıda özünə forma tapmayan, heyət oyunçularını satmaqla özünə gün ağlayan sloveniyalılar 2:0 hesabı ilə qalib gəlib. Qalib gəlməməklə ölkəmizin 34-cü yerə qalxmasına əngəl olan “Bakı” bununla da Azərbaycan futboluna zərbə vurub. Çünki 34-cü pillə tariximizdə yeni rekord ola bilərdi. İndi 34-cü olan İrlandiyadan 0,209 xal geri qalırıq.

Xəbər 1019 dəfə oxundu.