“bp-Azərbaycan” London Yay Olimpiya Oyunlarında iştiraklarını dəstəklədiyi idmançıların yolasalma mərasimini keçirib

“bp-Azərbaycan” şirkəti Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştiraklarını dəstəklədiyi 7 idmançının yolasalma mərasimini keçirib.
Tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir bu il yanvarın 26-da şirkət ilə Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri arasında 2012-ci ildə Londonda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına hazırlaşan Azərbaycan milli komandalarının və bir qrup seçilmiş idmançının dəstəklənməsi üçün tərəfdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. Qeyd edib ki, müqavilə Olimpiya və Paralimpiya Oyunlarına hazırlaşan Azərbaycan milli komandalarına və seçilmiş 7 idmançıya dəstək vermək məqsədi daşıyırdı.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bp-nin ölkəmizdə idmana göstərdiyi diqqəti yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Azərbaycan idmançıları artıq London Yay Olimpiya Oyunlarına 50-dən çox lisenziya qazanıblar. Bu, dövlətin idmana göstərdiyi qayğının nümunəsidir. Eyni zamanda, bildirilib ki, 2012-ci ilin “İdman ili” elan olunması, eləcə də bu tərəfdaşlıq cəmiyyətdə, xüsusən də gənclər arasında idmana marağı daha da artıracaq.
Cüdo üzrə ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya və üçqat qitə çempionu İlham Zəkiyev göstərilən etimada görə minnətdarlığını bildirmiş və onlara bəslənilən ümidləri doğruldacaqlarına söz verib.
Yolasalma mərasimində olimpiyaçılara hədiyyələr təqdim edilib, onlara uğurlar arzulanıb.

AzərTAc

“bp-Azərbaycan” şirkəti Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələrinin “London-2012” Olimpiya Oyunlarında rəsmi tərəfdaşıdır. Şirkət, həmçinin Londonda medallar uğrunda mübarizə aparacaq 3 olimpiya və 4 paralimpiya idmançısının - Cəbrayıl Həsənovun (sərbəst güləş), Fəridə Əzizovanın (taekvondo), Rövşən Bayramovun (yunan-Roma güləşi), İlham Zəkiyevin (cüdo), Afaq Sultanovanın (cüdo), Oloxan Musayevin (atletika), Oleq Panyutinin (atletika) Yay Olimpiya Oyunlarına hazırlığını, həm də bu oyunlarda iştiraklarını dəstəkləyir.


Xəbər 1000 dəfə oxundu.