Boksçularımız İtaliya və İrlandiya komandaları ilə bir arada
Boks üzrə Azərbaycan millisi İtaliyanın Assizi şəhəridə təlim-məşq toplanışındadır. Boks Federasiyasından idman.com.az saytına verilən məlumata görə, hazırlıqda baş məşqçi Nəriman Abdullayev və məşqçi Rasim Məmmədovun rəhbərliyi altında London Olimpiadasına vəsiqə qazanmış 7 boksçumuz – Elvin Məmişzadə (52 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) iştirak edirlər.

Assizidə İtaliya və İrlandiya komandaları da hazırlıq keçirlər. İtaliya yığmasının heyətində Olimpiya oyunlarına vəsiqə qazanmış 7 idmançı - Manuel Kappai (49 kq), Vinçenzo Pikardi (52 kq), Vittorio Parinello (56 kq), Domeniko Valentino (60 kq), Vinçenzo Mangiakapre (64 kq), Klemente Russo (91 kq) və Roberto Kamarelle (91+kq) məşq edir. Bundan başqa, sparinq-tərəfdaş kimi daha 6 italiyalı boksçu da hazırlığa cəlb edilib.

İrlandiya komandasında isə Londona yollanacaq 5 boksçu - Patrik Barnes (49 kq), Maykl Konlan (52 kq), Cohn Nevin (56 kq), Adam Nolan (69 kq), Darren Onill (75 kq) təlim-məşq toplanışındadır. Qadınlar arasında dəfələrlə dünya çempionu olan irlandiyalı Keti Teylor da (60 kq) Assizi də hazırlıq keçənlər arasındadır.

Qeyd edək ki, komandamız iyulun 19-da Bakıya qayıdacaq, bundan 6 gün sonra isə Böyük Britaniyaya yollanacaq.

Xəbər 1242 dəfə oxundu.