4 futbolçudan biri Məmmədova "əlcək atıb"
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar müdafiəçilərinin növbəti siyahısını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, bu ilin yarısına qədər milli çempionatların güclülər dəstəsində 50 və daha çox qol vuran arxa xətt oyunçularının siyahısında 83 futbolçu yer alıb.

Cədvələ hesabında 193 qol olan hollandiyalı Ronald Kuman başçılıq edir. Argentinalı Daniel Passarella 134, ispaniyalı Fernando Yero 110 qolla ilk 3-lükdə yer alıblar. Argentinalı Eqardo Bauza və almaniyalı Paul Braytner də 100 qol həddini aşıblar – müvafiq olaraq 108 və 103 qol.

Siyahıdakı yeganə təmsilçimiz Ramiz Məmmədovun hesabında isə 285 oyuna 64 qol var. O, sonuncu dəfə 6 ay əvvəl açıqlanan siyahıdakı mövqeyində qalaraq, 36-cı pillədə qərarlaşıb. Ancaq siyahıda irəliləyən 4 futbolçudan biri Məmmədova “əlcək atıb”. Belə ki, 38-ci pilləyə yüksələn misirli Hüsni Abdrabboh 63 qol vuran həmkarlarına şərik çıxaraq, təmsilçimizdən artıq cəmi 1 qol geri qalır.

Qeyd edək ki. Məmmədov keçmiş SSRİ məkanından İFFHS-in cədvəlinə düşən yeganə müdafiəçidir.

Xəbər 1124 dəfə oxundu.