Nəsriyə mükafat vermirlər
Fransa Futbol Federasiyası Avropa çempionatında iştirak etmiş 4 futbolçunun mükafatını kəsib. İdman.com.az saytının məlumatına görə, Samir Nəsri, Yann M`Villa, Atəm Ben Arfa və Jeremi Menez nizam-intizam şurasında mundialdakı davranışları ilə bağlı izahat verəcəklər.

Futbolçularla bağlı qərarı, eləcə də Fransa yığmasının yeni baş məşqçisi ilə bağlı vəziyyəti federasiyanın başçısı Noel Le Qren açıqlayıb.
Çoxları Loran Blanın gedişindən sonra onun yerinə «Marsel»in keçmiş sükançısı Didye Deşamın gətiriləcəyini düşünür. Lakin Le Qren bir qədər səbr etməyə çağırıb: «Hər şey ola bilər. Bir həftə də gözləyin. Mən Deşamla dünən axşam görüşmüşəm. Onun adı namizədlər sırasında var. Didye yığmada işləməyin onun arzusu olduğunu bildirib və düşünmək üçün bir neçə gün istəyib. Əgər Deşam qərarını bir qədər də ləngitsə, biz başqa qərar qəbul edəcəyik».

Cəzalanan futbolçular barədə Le Qren bunları deyib: «Bu futbolçular yaxın vaxtlarda nizam-intizam şurasında izahat verməlidilər. Onları oyunlardan kənarlaşdırmağı düzgün hesab etmirəm. Biz bu futbolçuların Avro-2012-də iştiraka görə mükafatlarını dondurmuşuq».
Fransa yığmasının hər bir futbolçusunun pley-offa çıxmağa görə mükafatı 100 min avrodur.

Futbolçuları mükafatsız qoyan əsas səbəblərsə onların yarış zamanı müxtəlif münaqişələrə girmələridir. Fransa yığmasının yarımmüdafiəçisi Samir Nəsri əvvəlcə İsveçə qarşı qrupp oyunundan sonra M`Villa, ilə münaqişədə olmuşdu. O zaman Yann komanda yoldaşını müdafiəyə yaxşı kömək etməməkdə ittiham edirdi.

1/4 final dövründə daha bir «bomba» partlayıb. Nəsri ondan oyundan sonra matç barədə şərh verməyi xahiş edən jurnalistlə kobud davranıb və hətta onu münasibətləri aydınlaşdırmaq üçün mikst zonadan kənara dəvət edib. Futbolçu eyni zamanda jurnalistin yaxınlarına da təhqiredici söz işlədib.
Evə qayıdarkən azğın fransalıların ciddi cəzalandırılacağı gözlənilirdi. Nəsrinin hətta 2 illik futboldan uzaqlaşdırılması barədə söhbətlər gedirdi.
İctimaiyyətin təsiri altında Nəsri, sonda jurnalistlə münaqişəyə görə üzr istəyib.

Xəbər 977 dəfə oxundu.