«Reyncers» oynamayacağını təsdiqlədi
Şotlandiyanın «Qlazqo Reyncers» klubu ölkə Premyer Liqasının qarşıdakı mövsümünü buraxacaq. İdman.com.az saytının məlumatına görə, klubun mətbuat xidmətindən bu xəbəri rəsmən təsdiqləyiblər.

İş ondadır ki, qlazqolular maaşların ləngidilməsi və digər maliyyə çətinlikləri səbəbindən lisenziyalaşdırmadan keçməyiblər. May ayında iflas elan edilmiş klubu yeni maliyyəçinin xilas edəcəyi xəbəri ortaya atılmışdı. Komandanın borclarının tam aradan qaldırılacağı bildirilirdi. Lakin bunu vaxtında etmək mümkün olmayıb. «Qlazqo Reyncers»in yeni sahibi Çarlz Qrin hətta baş nazirə məktubla müraciət edib. Qrin lisenziyalaşdırma qaydalarına yenidən baxmağı xahiş edirdi. Lakin nazirlər kabinetindən bu müraciətə müsbət cavab vermədilər.

«Qlazqo Reyncers» 1888-ci ildən bəri ilk dəfə ölkənin güclülər dəstəsində olmayacaq. «Reyncers» Şotlandiyanın ən titullu klubudu. Onun hesabında 54 Şotlandiya çempionluğu, 33 ölkə kuboku, eləcə də 1972-ci ildə qazanılmış Avropa Kuboklar Kuboku var.

«Reyncers»in çempionatdan kənar qalması yəqin ki, tək bu klubun fanatlarını deyil, ümumiyyətlə, şotland futbolunun həvəskarlarını məyus edəcək. Bəlkə də elə «Seltik»in azarkeşlərini də. Axı, bu iki komandanın derbisi olmadan Şotlandiya çempionatı tam mənasını itirir!

Xəbər 1067 dəfə oxundu.