Əmrə mətbuata tanıdıldı
Madrid «Atletiko»su yeni transferləri Əmrə Bələzoğlu, Daniel Kata Diaz və Kristian Rodrigesi mətbuata tanıdıb. İdman.com.az saytının məlumatına görə, Visente Kalderon stadionundakı təqdimata, futbolçulardan savayı, Madrid klubunun başçısı Enrike Serezo və idman direktoru Joze Luis Perez Kaminero da qatılıb. 2 saat yarım davam edən mövsüm əvvəli hazırlıq dövrünün ilk məşqindən sonra təşkil edilən təqdimatda mətbuatın qarşısına ilk olaraq Əmrə Bələzoğlu çıxıb. Kaminero türk futbolçu üçün «Sol ayağını çox yaxşı istifadə edə bilən, keyfiyyətli, lider və baş rol olmağı sevən bir futbolçudu. «Atletiko»ya təcrübəsini gətirəcək» - deyib.

İtalyanca danışan Əmrə də «Atletiko böyük bir klubdur. Burada olmaqdan çox xoşbəxtəm. Arda mənim kiçik qardaşım kimidir və mənim üçün əhəmiyyətlidir. Milli komandada birlikdə oynayırıq. Onunla indi eyni klubda oynamaqdan da çox məmnunam» - söyləyib. «Atletiko»da Falkao, Arda və Qodin kimi «çox böyük futbolçular» olduğunu deyən yarımmüdafiəçi, gələcək mövsüm hədəfini «La Liqa çempionu olmaq və Avropada yeni kuboklar qazanmaq» deyərək açıqlayıb.

32 yaşlı türk futbolçu, La Liqanı yaxşı tanıdığını söyləyərək, sözlərinə belə davam edib: «5 il İtaliyada oynadım. İspan liqasının son 7 ildir dünyanın ən yaxşı liqası olduğuna inanıram. Türk futbolundan fərqli olduğunu bilirəm, amma çox yaxşı çalışan bir futbolçuyam və məncə, mənim üçün çətin bir liqa deyil».
Klub başçısı Serezo Əmrə, Kata Diaz və Rodrigesin çox təcrübəli futbolçular olduqlarının vurğulayaraq, onlara «Atletiko»dakı dövrlərində uğurlar dilədi və «Çelsi»yə qarşı oynanacaq Avropa Superkubokunda futbolçulardan ən yaxşı oyunu nümayiş etdirib mövsümə kubokla başlamalarını istəyib.

Xəbər 1197 dəfə oxundu.