Millimizin rəqibi naməlum baş məşqçi ilə müqavilə imzaladı
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının yeni baş məşqçisi ilə bağlı müəmmalı vəziyyət yaranıb. İdman.com.az saytının məlumatına görə, “Anji”nin dağıstanlı milyarder sahibi Süleyman Kərimov Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin iclasında yeni baş məşqçi ilə müqavilə bağlandığını bildirib. O, bunu Rusiyanın idman naziri Vitali Muktoya istinadən edib.

RFİ-nin fəxri prezidenti Vyaçeslav Koloskov bunu jurnalistlərlə söhbətində açıqlayıb. Ancaq həmin çalışdırıcının adı hələ açıqlanmır: "İnkar etmirəm, bu çıxış həqiqətən olub. Belə də deyilib ki, Mutko zəng edərək, müqavilə imzalandığını söylədi. Düzdür, kimin hansı məşqçi ilə müqavilə imzalandığını açıqlanmadı. Bu, anlaşılmazlıq yaratdı. Gedən prezident bunu edə bilməzdi. Həmçinin Mutko da. Çünki idman naziri olduğundan, bunu RFİ adından edə bilməz. O, prezident, hətta İcraiyyə Komitəsinin üzvü deyil. Mən Kərimovdan soruşanda ki, hansı şərtlərlə, neçə illikdir, cavabı belə oldu: heç nə bilmirəm, sadəcə, Mutko zəng eləyib, dedi. Ancaq bu informasiya hələ ki qeyri-rəsmi olduğundan, sadəcə, söhbətdir. Ola bilsin ki, bilmədiyimiz məqamla bağlı İcraiyyə Komitəsi reaksiya verməməyi qərara alıb. Hadisələri izləyəcəyik”.

Qeyd edək ki, hazırda Rusiya yığmasının yeni baş məşqçisi olmağa əsas namizəd sayılan italiyalı Fabio Kapello RFİ ilə danışıqlar aparmaq üçün Moskvaya gəlib.


Xəbər 995 dəfə oxundu.