“Ay-ulduzlular”ımız 4 pillə irəliləyib
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 4 pillə irəliləyib. Yığmamız 308 xalla 108-ci pilləyə yüksəlib.

Millimizin 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən Portuqaliya yığması Avropa çempionatında uğurlu çıxış edərək, bürünc medalçı olmağı reytinqinə müsbət təsir göstərib. Belə ki, Kriştianu Ronaldonun kapitanı olduğu komanda 1213 xalla 5 pillə irəliləyərək, 5-ci yerə yüksəlib. Rusiya yığması qrupda qalsa da, 981 xalla 10-cu pillədə qalıb. Şimali İrlandiya millisi 762 xalla 8 pillə geriləyərək, 26-cı yerə enib. 427 xalı olan İsrail yığması 1 pillə geriləməyi nəticəsində 82-ci yerə düşüb. 303 xala malik Lüksemburq 11 pillə irəliləyərək 110-cu yerə yüksəlib. Millimizin gələn ay keçirəcəyi yoxlama oyunundakı rəqibi Bəhreyn 8 pillə geriləyərək ilk 100-lüyü tərk edib. Hesabında 331 xal olan asiyalılar indi 103-cüdür.

FİFA reytinqinə isə 2 qat Avropa və dünya çempionu İspaniya başçılıq edir – 1691 xal. 1502 xala malik Almaniya isə ötən ayla müqayisədə 1 pillə irəliləyərək 2-cidir. 1297 xalı Uruqvay isə 1 pillə geriləyib.

Xəbər 1029 dəfə oxundu.