London-2012-də bayraqdarımız Elnur Məmmədli olacaq
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin bayraqdarı cüdo üzrə olimpiya çempionumuz Elnur Məmmədli olacaq. İdman.com.az saytının məlumatına görə, bu haqda jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.

O deyib ki, Məmmədli qarşıdakı olimpiadada da uğurlu nəticə göstərməyə hazırdır: “Əvvəlki olimpiadalarda bayraqdarlar yüksək nəticə göstərə bilmirdilər. Onlar arasında söhbət gəzirdi ki, bayraq aparan nəticə göstərə bilmir. Bu səbəbdən, təklif etmişdim ki, bayraqdar veteran idmançımız Fərid Mansurov olsun. Lakin Elnur Məmmədli medalsız qalma təhlükəsinin olmadığını və özünü bayrağı daşımağa hazır saydığını söylədi. Ona görə də bayrağı Məmmədliyə həvalə edəcəyik”.

Qeyd edək ki, Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionudur.

Xəbər 1236 dəfə oxundu.