Futbol rəhbərləri jurnalistlərin suallarını cavablandırdılar
Bu gün Peşəkar Futbol Liqasının prezidentinin seçkiləri keçirilib. Ramin Musayev yenidən PFL-in prezidenti seçilib. İdman.com.az saytının məlumatına görə, seçkilərdən sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və Ramin Musayev mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

İlk olaraq çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev seçkilərin nəticəsini açıqladı: “Bu gün Peşəkar Futbol Liqasının növbəti 4 il müddətə prezidentini seçmək üçün toplaşdıq. Ramin Musayev yenidən PFL-in prezidenti seçildi. Çempionatın keçirilməsi, klublarda olan abu-hava, hakimlik və digər məsələlər müzakirə olundu. Ötən müddətdə görülən işlərə nəzər salındı. Həmçinin gələcək illərdə yarışların daha da gözəl və maraqlı keçirilməsi ilə bağlı məsələlərə toxunuldu. Futbolun əsas başlanğıcı, onurğası klublardı, klub yarışlarıdır. Ona görə də biz klub yarışlarında daha çox inkişafa nail olmalıyıq. Klubların, uşaq futbolunun inkişafı nəticədə milli komandaya öz təsirini göstərir. Keçən dörd ildə klubların səviyyəsinin qalxdığını deyə bilərəm. Bu gün, həmçinin, hakimliklə bağlı məsələlərə baxıldı. Hakimlikdə olan dəyişikliklərin çox bəyənildiyini qeyd etmək istəyirəm. Hakimlərin təlim-məşq toplanışlarının keçirilməsi, hakimlərin hazırlanması, gənc hakimlərin cəlb olunması, hakimlərin işlərinə nəzarət olunması və müzakirə edilməsi, PFL-in öz kameraları vasitəsilə hər bir oyunun çəkilməsi oyunların keyfiyyətində çox böyük dəyişikliklərə səbəb olub. Bu nailiyyətlərin daha da inkişaf etdirilməsi PFL-in qarşısında qoyulub. Artıq müassir texnalogiyalar alınır və hakimlər bu texnalogiyalardan istifadə edə biləcəklər”.

“Nisbi olaraq PFL-in fəaliyyətindən razıyam. Hər hansı bir iradım olsaydı, yəqin ki, Ramin müəllim indi burda oturmazdı. 4 il müddətində PFL maksimum nə bacardısa, etdi və işini düzgün istiqamətdə qurdu. İmkanları daxilində bunları etdilər. İndi qarşılarında yeni vəzifələr qoyulub və mən inanıram ki, bu vəzifələri də yerinə yetirəcəklər”.

“Teleyayımla bağlı yeni qərar qəbul edilib. AFFA teleyayımı öz üzərinə götürüb və biz artıq televiziyalar və şirkətlər arasında tender elan etmişik. Yayım hüququnu əldə edən qurum bütün informasiyanın yayılmasını öz üzərinə götürəcək və bu məsələ iyul ayında həll olunmalıdır. Biz öz məhsulumuzu satırıq. Bütün dünyada teleyayım bu cür tənzimlənir. Teleyayım futbolun inkişafı üçün əsas maliyyə qaynaqlarından biridir. Yayımdan gələn bütün vəsait klublar arasında bərabər şəkildə bölünəcək”.

“Müzakirə olunan digər bir məsələ Premyer Liqa və bütün yarışların adlarının satışının həyata keçirilməsi ilə bağlı oldu. Həmçinin stadionların adları da satılacaq. Bunun üçün tender elan olunacaq və ən yaxşı təklifi irəli sürən şirkətlər sadaladığım markaların adlarına sahib olacaq. Bu vəsait hesabına biz stadioların xərclərini ödəyəcəyik və AFFA-nın maliyyə imkanlarını genişləndirməyə çalışacağıq”.

““Turan” yeni mövsümdə Unibank Premyer Liqasında iştirak edəcək. Komanda çempionatda oynayacaq. Bununla bağlı klub rəhbərliyi ilə də danışdım. Hətta onlara məsləhət gördüm ki, legionersiz komanda qursunlar. Orda çoxlu gənc futbolçular var. Hamısını cəlb edib inkişaf etdirmək lazımdır”.

“Bütün rayonlarda futbolu inkişaf etdirməyə, uşaq futbolunu yüksəltməyə çalışırıq. 4 il bundan öncə bizdə futbolçu sayı 1600 nəfər idi. Hazırda isə 27000 nəfərdir. Biz bu sayın daha da artması üçün çalışırıq”.

Daha sonra çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev növbəti illərdə görüləcək işlərdən danışdı: “Ötən 4 ildə gördüyümüz işlər haqda danışmağa ehtiyac yoxdur. Ancaq lazım olsa, onları diqqətinizə çatdıra bilərəm. Bu müddətdə nailiyyətlərimiz olduğundan, futbolumuzun inkişafına təkan verdiyimizdən, rahatam. Az da olsa, futbolumuzun inkişafına təkan vermişəm. 4 ildə ən böyük iş kimi əvəzedicilərin çempionatının keçirilməyini sayıram. Bunadək həmin yarış tamamilə unudulmuşdu. Bundan əlavə, Premyer Liqaya “Unubank”ın sponsor cəlb olunmağı, çempionatımıza sərmayə qoyulmağı, klubların bundan faydalanmağını da qeyd edə bilərəm. “Neftçi” klubunda işlədiyim zaman hansı problemlərlə qarşılaşmışamsa, PFL-in prezindeti olduğum müddətdə həmin problemləri aradan qaldırmağa çalışmışam”.

“Artıq teleyayımla bağlı tender elan etmişik və yayım hüququ PFL-də olacaq. Bu, bəzi klublarda narazılıq doğursa da, həyata keçirəcəyik. Biz yayımı satacağımız şirkətlə müqavilə bağlayacağıq və ordan gələn puldan klublar faydalanacaq. İnsan yaşadığı torpağa qulluq etməlidir. Çalışırıqsa, gəlin hamımız çalışaq. Bu təkcə bizim üzərimizə düşmür. Nəyə görə televiziyalar xarici çempionatların yayım hüququnu alırlar, xarici futbola pul xərcləyirlər, ancaq bizim öz milli futbolumuza pul xərcləmirlər? Əksinə klublardan pul alırlar. Niyə? Mən də belə qərara gəldim ki, artıq yayım hüququ verilsin Peşəkar Futbol Liqasına. Kim istəyirsə, müqavilə bağlaya bilərik. Artıq klublara kömək olmalıdır. Mənə bəzi klublardan zəng gəlir. Deyirlər ki, Ramin müəllim bəzi klubların oyunları yayımlanır, bizim oyunlar niyə yayımlanmır? Bütün dünyada kanallar yayım üçün klublara pul verirlər. Amma bizdə əksinədi. Buna son qoyulmalıdır”.

““Unibank”la bağladığımız 3 illik müqavilənin müddəti bitib. Yeni müqavilə ilə bağlı danışıqlar gedir. İki böyük şirkət də çempionatımıza sponsor olmaq istəyir. Məndən olsaydı, “Unibank”la əməkdaşlığımı davam etdirməyimizi istərdim. Hər halda, onun çempionatımıza ilk sərmayə qoyan təşkilat kimi əməyini qeyd etmək lazımdır. Ancaq hər şey məbləğdən asılıdır ki, bununla bağlı ortaq məxrəcə gəlmək lazımdır. Şirkətlərdən biri böyük məbləğ təklif edir. Açığı, onlardan birinin adı xoşuma gəlmir. Ancaq məbləğdə 150-200 min fərq olsa, “Unibank”a üstünlük verəcəyəm. Məsələyə iyulun sonuna kimi aydınlıq gələcək”.

“Mükafatlandırma ilə bağlı biz tərəfdən işlər tam hazırdır. Sadəcə, klublar burda olmalıdır ki, onları yığıb tədbirimizi keçirək. Hər halda, bu dəfə ötən ilkindən tez olacaq. Püşkatma isə iyulun sonuna kimi olmalıdır”.

“Klublarımız razılıq versə, Tofiq Bəhrəmov adına stadionun açılışında Super Kubokun oyununu keçirmək niyyətindəyik. Bu eyni zamanda klublarımızın Avrokuboklardakı çıxışlarından asılıdır. Yəqin ki, klublarımız Avrokuboklarda uğurla çıxış etsə, zaman baxımından bu mümkün olmayacaq”.

“Mən sizə söz verirəm ki, “Qarabağ” növbəti mövsümdə ya Quzanlıda, ya Bakıda oynayacaq. Yəni bir mövsümdə 2 müxtəlif yerdə oynamağı mümkün olmayacaq”.

Xəbər 1194 dəfə oxundu.