Haqq öz yerini tapdı: London olimpiadasına Əşrəf Əliyev yollanacaq!
İyunun 30-da Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşçiləri arasında beynəlxalq qran-pri turniri start götürüb. İdman.com.az saytının məlumatına görə, yarışda hər 2 milli komandamız iştirak edir. Adı çəkilən sınaq pəhləvanlarımız üçün mühüm əhəmiyyət kəsb edir. Çünki London olimpiadasına yollanacaq heyətdə bəzi çəkilərdə məsələyə bu yarışda aydınlıq gələcək. Söhbət, 74 kq-da «dördillk»də ölkəmizi təmsil etməyə namizəd 2 güləşçi - Əşrəf Əliyev və Aleksandr Qostiyevdən gedir.
Üstəlik, Hacı Əliyev (60 kq), Məhəmmədhacı Xatiyev (84 kq) və yunan-roma güləşçiləri - Rövşən Bayramov (55 kq) ilə Həsən Əliyev (60 kq) də bir daha məşqçilər korpusumuz tərəfindən yoxlanılacaqlar.

Bu gün baş tutan mübarizədə artıq bir məsələ öz yerini tapıb: Londona Yay Olimpiya Oyunlarına 74 kq-da kimin yollanacağı dəqiqləşib. Sözü gedən şərəfə ötən il İstanbulda keçirilmiş dünya çempionatında XXX olimpiadaya vəsiqə qazanmış Əşrəf Əliyev layiq görülüb. O, həmin zaman lisenziyanı özünə təmsin etsə də, sonradan bu çəkidə məşqçilər korpusu Aleksandr Qostiyevə də şans vermək qərarına gəliblər. Amma Dortmund qran-prisində Əşrəf ona qalib gəlmək, Londona oyunlara bir daha getməyə layiq olduğunu sübut edib.

«İdman» qəzetinə verdiyi açıqlamasında güləşçi qələbə ilə bağlı bunları deyib: «İlk 2 görüşdə müvafiq olaraq, almaniyalı və fransalı rəqiblərimi uddum. Yarımfinalda Qostiyevlə qarşılaşdım. Bütün gücümü bu mübarizəyə qoydum və yekunda qalib gəldim. Aleksandrla görüşdə əlimdən zədələndiyim üçün, finalda rusiyalı həmkarıma lazımınca müqavimət göstərə bilmədim. Sonda gümüş medal qazandım. Allaha şükür, bu sınaqdan üzüağ çıxdığıma görə çox sevincliyəm».

Xatırladaq ki, Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli referi Əjdər Cəfərov Almaniya qran-prisinin baş hakimi kimi yarışlara nəzarət edir. Beynəlxalq dərəcəli «ədalət təmsilçimiz» Fəraqət Cəlalov isə öz bacarığını güləş döşəyində nümayiş etdirir.

KAMRAN

Xəbər 1387 dəfə oxundu.