Hakimlik 2050-ci ildə
Futbol hakimliyi yenə də bu sahədə ən aktual məsələlərdən biri olaraq qalmaqdadı. Baxmayaraq ki, beynəlxalq futbol qurumları hakim qərarlarının dəqiqliyini maksimala yaxın etmək üçün hər yola əl atmağa çalışırlar. Heç qapı arxasında duran yardımçı hakim də qərarların dəqiqliyinə tam təminat verə bilmir. Elə Avropa çempionatında hakimliyin qüsurunun ən ağır nəticəsini Ukrayna yığması öz üzərində hiss etdi. FİFA qolun qeydiyyata alınması üçün elektron vasitələrə də əl atmağa hazırlaşır. Əlbəttə ki, bu hal qərarlara xeyli dəqiqlik gətirəcək. Ancaq bunun da hələ bu sahədə son addım olacağını demək olmaz.

Futbol hakimliyində baş verənlərə və atılan addımlara münasibət müxtəlif olduğu kimi, bu münasibətin ifadəsi də müxtəlifdir. Kimi bu münasibəti sərt reaksiya ilə izhar edir, kimi yumorla. Elə bu günlərdə internet səhifələrində yer alan bir şəkil də öz orijinallığı ilə seçilir. Gördüyünüz üzərində «Futbol hakimliyi 2050-ci ildə» yazılmış bu şəkildə baş hakimə 4 yan hakim, indiki halda 4-cü hakim hesab edilən, burada isə hansı sıralamaya daxil edəcəyini söyləməsi çətin olan birisi, qapıların sağ-solunda 4-ü, hətta hər qapının içində belə duranlar var. Bu da son deyil. Səmada 2 helikopter və 1 deltaplançı da baş hakimə yardımçı funksiyasını daşıyırlar. Bu, əlbəttə ki, bir istehzalı yumordu. Ancaq görəsən, həqiqətdə gələcəyin hakimliyi necə olacaq?

İdman.com.az saytının məlumatına görə, UEFA prezidenti Mişel Platini isə növbəti dəfə qol qeydi texnologiyasının əleyhinə çıxış edib: «Neçə illər ərzində Çempionlar Liqasında və Avropa Liqasında bizim qol qeydi ilə bağlı səhvlərimiz olmayıb. 12 dəfə köməkçilər hakimə qolu qeydə almaqda kömək ediblər. Düzgün qərarlar – penaltilər, qollar, qayda pozuntuları, o cümlədən «Barselona» ilə oyunda Terrinin meydandan qovulması qərarı baş hakim və onun köməkçilərinin iştirakı ilə verilmişdi.

Nəyə görə mən hətta Ukrayna – İngiltərə matçından sonra da qolun avtomatik qeydi sisteminin əleyhinə çıxış edirəm? Orada əvvəldən ofsayd var idi. Bizim tək qol qeydi üçün videotəkrarlar nəyimizə gərəkdi ki? Bu halda qeydə alınmayan ofsaydlarla nə edəcəyik?
Belə çıxır ki, oyunu hücumun əvvəlindən dayandırmaq lazımdı. Buna görə də mən avtomatik sistemlərin əleyhinəyəm. Bu, haraya aparıb çıxaracaq? Hər dəfə qol vuranda geriyə dönüb düzgün qoldan əvvəl nə baş verdiyini öyrənəcəyik. Mən bunun əleyhinəyəm.
Mən FİFA prezidenti deyiləm və bilmirəm də ki, nə vaxtsa olacağam, ya yox. Lakin düşünürəm ki, bu təşkilat tarixi səhvə yol vermiş olacaq».

Xəbər 1099 dəfə oxundu.