Jiru rəsmən «Arsenal»da
London «Arsenal»ı Fransa «Monpelye»sinin qolçusu Olivye Jirunun transferini rəsmi olaraq açıqlayıb. Klubdan verilən bilgidə, 25 yaşlı futbolçunun Londonda tibbi müayinədən keçdiyi eşitdirilib.

«Arsenal»a, rəsmi olaraq, iyulun 1-də qatılacaq Jiru tibbi müayinənin ardından verdiyi açıqlamada «İngilis futbolunun böyük komandalarından olan «Arsenal»da olmaqdan xoşbəxtəm. Premyer Liqada oynamaq mənim üçün bir yuxu idi. Məni bura Arsen Venger və onun futbol fəlsəfəsi çəkdi. Arsenal hər vaxt təqdir etdiyim bir klub idi və indi buradan böyük uğurlar qazanmaq istəyirəm. «Arsenal» fanatları üçün əlimdən gələni etməyə çalışacağam» - deyib.

Arsen Venger isə yeni transferiylə əlaqədar olaraq, «Olivye Jirunun bizimlə müqavilə imzalamasına çox şadıq. Çox yaxşı fiziki keyfiyyətlərindən əlavə, hava mübarizələrində yaxşı oyunu ilə seçilir və iş əxlaqı da yerində olan birisidir. Olivye keçən mövsüm «Monpellye»nin çempionluğunda böyük rol oynayaraq özünü sübut edib. Onu «Arsenal» formasıyla görmək üçün səbrsizlənirik» - söyləyib.

İdman.com.az saytının məlumatına görə, ötən mövsüm «Monpelye»nin formasını ümumilikdə 46 matçda geyinən və 25 qol vuran futbolçu üçün ödənəcək məbləğ açıqlanmır. İngilis qaynaqlarına görə, «Arsenal»ın bu transfer üçün Fransız klubuna 15 milyon avro ödəməsi gözlənilir.

Xəbər 1496 dəfə oxundu.