Beş boksçumuzlan yalnız biri finalına yüksəlib
Bolqarıstan paytaxtı Sofiyada keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçılar məlum olub. Təssüff ki, yarımfinala vəsiqə qazanmış 5 boksçumuzdan yalnız biri həlledici mərhələyə yüksələ bilib. İdman.com.az saytının məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə Almaniyanı təmsil edən Vladislav Barısniki 17: 9 hesabı ilə məğlub edib.

Boksçumuz finalda rusiyalı Arkadi Plemeniçenko ilə üz-üzə gələcək. 48 kq çəki dərəcəsində mübarizə aparan Elnur Şəfizadə bürünc medalla kifaytlənməli olub. Millimizin üzvü yarımfinalda rusiyalı Süleyman Bammatova 10:13 hesabı ilə uduzub. Orxan Əliyevin finala gedən yolunu isə Belarus nümayəndəsi kəsib. O, Vladimir Tsitova 8:16 hesabı ilə məğlub olub. Cavid Quliyev də (60 kq) qitə birinciliyinin bürünc medalı ilə kifayətlənib. Həmyerlimiz yarımfinalda rusiyalı Aleksandr Moroxinə 13:19 hesabı ilə uduzub.

Məhəmmədəli Tahirov da 3-cü yer tutanlar arasındadır. Ən ağır çəkili boksçumuz yarımfinalda rusiyalı Marat Kerimxanova 2 xal fərqlə məğlub olub - 9:11. Beləliklə, milli komandamızın 4 üzvü Avropa birinciliyini bürünc medalla başa vurub. Şamil İbrahimzadənin medalının əyarı isə bu gün keçiriləcək finaldan sonra məlum olacaq.


Xəbər 914 dəfə oxundu.