Ronaldinyu o günləri unuda bilmir
Braziliya futbolunun son illərdə yetişdirdiyi ən böyük adlardan biri olan Ronaldinyu Braziliya mətbuatına verdiyi açıqlamada karyerasındakı ən əhəmiyyətli 5 dönüş nöqtəsindən danışıb. Karyerasında bir dünya çempionluğu, bir Kopa Amerika və Konfederasiya Kuboku və iki dəfə Çempionlar Liqası zəfəri yaşayan Ronaldinyo futbol keçmişini dəyərləndirərkən dönüş nöqtələri kimi bunları göstərib:

1. Futzal günləri və Kleon
Futbola futzal oynayaraq başlayan Ronaldinyu Porto Aleqredə keçirdiyi günlərdə onu kəşf edən və ona çox şey öyrədən Kleonu unuda bilmir. Ona peşəkar futbol oynaması istiqamətində əhəmiyyətli tövsiyələri də olan məşqçisi Kleona təşəkkürünü bildirən Ronaldinyu futbolda yaşadığı hər şeyin ilk addımının məhz o günlərdə atıldığını söyləyir.

2. Dunqanın seçimi
Bir ara Braziliya millisini çalışdırmış Dunqanın onu yığmaya çağırmasını dəyərləndirən ulduz futbolçu, baş məqçinin bu seçiminin onun karyeri baxımından əhəmiyyətli rol oynadığını düşünür.

3. Venesuelaya vurulan qol
Braziliya millisinin formasında vurduğu ilk qolu xatırlayan Ronaldinyu Venesuela yığmasının qapısından keçirdiyi topun onun üçün xüsusi olduğunu və bu qolu Braziliya yığmasındakı karyerasının ən əhəmiyyətli məqamı kimi gördüyünü deyir.

4. Dünya çempionatı
PSJ-dəki günlərinin çox uğurlu olduğunu və bu səbəblə 2002-ci il dünya çempionatında yığmada yer aldığını deyən ulduz yarışda qalib olacaqlarını turnirin lap əvvəlindən hiss etdiyini söyləyir.

5. «Barselona»dakı günlər
Katalan klubunda keçirdiyi beş ili müdhiş hesab edən futbolçu «Barselona»da çox xoşbəxt günlər keçirdiyini və qazanılan bir çox uğurlarda payı olmasının ona qürur verməsini deyir.


Xəbər 1319 dəfə oxundu.