Bruno Alveş: «Penaltidə tələsdim»
Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu ispanlara penaltilər seriyasında məğlubiyyətdən sonra onun komandasının dünya və Avropa çempionlarına yenilməsi ilə fəxr edə biləcəyini deyib. İdman.com.az saytının məlumatına görə, 11-metrlikdən fərqlənə bilməyən Bruno Alveş isə normal vurduğunu, sadəcə bəxtinin gətirmədiyini söyləyib.

Kriştianu Ronaldu seriyada sonuncu 11-metrliyi vurmalı idi. Lakin ona növbə çatmayıb: «Penaltilər seriyasından öncə məşqçi ilə neçənci zərbəni vurmalı olduğumu müzakirə etdik. O deyib ki, nöqtəyə 5-ci yaxınlaşmalıyam».

Oyundan sonra yaşadığı emosiyalarla bağlı Ronaldu deyib: «Məğlubiyyətdən sonra həmişə təəssüf hissi və ədalətsizliyin olması fikri yaranır. Lakin biz İspaniya kimi komandaya məğlub olduq və bununla fəxr edə bilərik. Əlbəttə ki, bizim komanda üçün ağır məqamdı. Axı, biz iki penaltini vura bilmədik».

İspaniya yığmasındakı dostları ilə rəqabəti barədə Ronaldu «Normal oynadıq. Biz meydandan kənar dostuq. Meydanda isə dost olmur. İspaniyada mənim dostlarım yaşayır və mən orada yaşayıram» deyib ispanlara finalda çətin olacağını söyləyib və onlara uğurlar arzulayıb.
Həlledici penaltini qaçıran Bruno Alveş oyundan sonra psixoloji cəhətdən elə də sınmamışdı. O, sadəcə tələskənliyini qeyt etdi: «Mən penalti vurmağa çox tez getdim, tələsdim. Ancaq deməzdim ki, bu epizod mənim əhvalıma təsir etdi. Belə bir şey baş verməyib. Penalti zərbəsini normal vurdum. Təəssüf ki, bəxtim gətirmədi».

Bruno Alveş ümumilikdə komandasının oyunundan da danışıb: «Məğlubiyyətə baxmayaraq, biz yaxşı oyun keçirdiyimizi söyləyə bilərik. Avropa çempionuna yenilmək heç də ən pis nəticə deyil. Bu məğlubiyyət bizi sındırmadı. Ancaq bir təəssüf hissi var. Axı, biz finala çıxmağa çox yaxın idik».

Xəbər 1017 dəfə oxundu.