Del Boske hücumda yaxşı olmadıqlarını etiraf etib
İspaniya yığmasının baş məşqçisi Visente Del Boske yarımfinal oyunundan sonra komandasının müdafiədə oyununu tərifləyib. Portuqaliyalı Paulo Bentu isə yarışı başıuca tərk etdiklərini deyib.

«İnanılmaz turnir oldu. Biz Almaniya, Danimarka, Niderland, Çexiya və İspaniya ilə döyüşdük» - dedi Bentu – «Əvvəlcə almanlara yenildik, amma sonradan dalbadal 3 qələbə qazandıq. Dünya və Avropa çempionları ilə isə heç-heçə oynadıq. 90 dəqiqə biz daha yaxşı oynadıq. İspanlar topa daha çox sahib idilər. Lakin bizim imkanlarımız çox oldu. Del Boskenin iki əvəzləməsi ispanların oyununu gücləndirdi. Penaltilər seriyasında isə yenildik. Bu futboldu. Nə etmək olar? Lakin əllərimizi yana salmayacağıq. Əvvəlki ruhda işimizi davam edəcəyik. Turniri başıuca tərk edirik».

Portuqaliyalı mütəxəssisin fikrincə komandasının bir qədər bəxti gətirmədi: Biz qapı həndəvərinə daha çox zərbə vurduq. Son penalti də topun üstdirəyə çarpması ilə nəticələndi. Bəxt çox vacib amildi. Bugün ispanların bəxti gətirdi. Biz söz vermişdik ki, yarımfinalda döyüşəcəyik. Sözümüzün də üstündə durduq. Təkrar edirəm – biz 90 dəqiqə rəqibdən yaxşı olduq. Portuqaliya bizimlə fəxr edə bilər. Mən də öz növbəmdə fəxr edirəm ki, belə əla kollektivə rəhbərlik edirəm».

İdman.com.az saytının məlumatına görə, matçda həlledici penaltini Sesk Fabreqas vurub. İspanların baş məşqçisi Visente del Boske bildirib ki, «Barselona»nın yarımmüdafiəçisi özü 5-ci 11-metrliyi vurmağı istəyib: «Sesk məndən sonuncu penaltini vurmasını istədi. Mən də mübahisə etmədim. Komandamız var qüvvəsi ilə çarpışdı. 90 dəqiqə meydanda bərabər oyun getdi. Əlavə vaxtda biz rəqibdən üstün idik. Doğurud, o qədər də çox yox. Portuqaliyalıların oyunu xoş sözlərə layiqdi. Avropa çempionatında onlar əla oynadılar».
Baş məşqçi komandasının hücumda elə də yaxşı oynamadığını etiraf etdi: «Əvəzində müdafiədə yaxşı oynadıq. Bundan əlavə Navasla Pedronun da oyuna necə girməsi xoşuma gəldi. Portuqaliyalıların imkanları çox olmadı. Ancaq Ronaldo daima qapımızda təhlükə yaratmağa çalışırdı».

Del Boske Serxio Ramosdan da danışıb. Baş məşqçi may ayında «Bavariya»nın qapısına 11-metrliyi vura bilməyən, lakin bu dəfə nöqtəyə yaxınlaşmaqdan çəkinməyən «Real»lı futbolçunun penaltisini belə təsvir etdi: «Qapıçı o yan, bu yana hərəkət edir və Serxio düzgün qərar verdi. Ona heç bir iradım ola bilməz. Yəqin o, Andrea Pirlonun zərbəsini görüb».

Xəbər 1168 dəfə oxundu.