5 boksçumuz Avropa çempionatının medallarını özünə təmin edib
Bolqarıstan paytaxtı Sofiyada boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. İdman.com.az saytının məlumatına görə, ötən gün yarışda 1/4 final mərhələsinin döyüşləri keçirilib. Yarımfinala vəsiqə qazananlar arasında Azərbaycan milli komandasının 5 üzvü də var. 80+kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Tahirovdan sonra Elnur Şəfizadə (48 kq), Şamil İbrahimzadə (57 kq), Cavid Quliyev (60 kq) və Orxan Əliyev də (80 kq) qitə birinciliyinin medallarini özlərinə təmin ediblər.

Şəfizadə 1/4 finalda Ukrayna nümayəndəsi Dmitri Kulidanı 12:7 hesabı ilə məğlub edib. Boksçumuz yarımfinalda rusiyalı Süleyman Bammatovla qarşılaşacaq. Şamil İbrahimzadə isə rumıniyalı Arsen Mustafadan üstün olub – 15:9. Həmyerlimiz yarımfinalda Almaniyanı təmsil edən Vladislav Barışniklə üz-üzə gələcək. Cavid Quliyevin 1/4 finaldakı görüşü daha gərgin keçib. O, ukraynalı Denis Pesotskini 1 xal fərlə üstələyib – 16:15. Quliyevin yarımfinaldakı rəqibi rusiyalı Aleksandr Moroxin olacaq. Orxan Əliyevin yarımfinala vəsiqə qazanması isə daha asan olub.

Belə ki, boksçumuzun rəqibi Maksim Vasilyev (Rusiya) zədələndiyindən rinqə çıxa bilməyib. Mübarizəsiz yarımfinala yüksələn Əliyevin növbəti rəqibi belaruslu Vladimir Tsitov olacaq. Məhəmmədəli Tahirov isə finala gedən yolda Rusiya təmsilçisi Marat Kerimxanovla qarşılaşacaq. Qeyd edək ki, boksçularımızdan Tayfur Əliyev (50 kq), Orxan Əliyev (54 kq) və Şamil Əliyev (70 kq) 1/4 finalda məğlubiyyətlə üzləşiblər. Avropa birinciliyində yarımfinal döyüşləri iyunun 29-da keçiriləcək. Yarışa iyunun 30-da yekun vurulacaq.

Xəbər 1269 dəfə oxundu.