İspaniya finalda

Polşa və Ukraynanın ev sahibliyi etdiyi futbol üzrə 14-cü Avropa çempionatı başa çatmaq üzrədir.
İyunun 27-də çempionatın yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Ukraynanın Donetsk şəhərindəki “Donbass Arena”da Portuqaliya və İspaniya milli komandaları qarşılaşıblar. Türkiyəli baş hakim Cüneyt Çakırın idarə etdiyi oyunun əsas vaxtında qapılara top vurulmayıb.
Matça əlavə olunmuş 30 dəqiqədə də hesab dəyişməyib. Oyunun qalibi penalti seriyasında məlum olub. Onbirmetrlik zərbələri daha dəqiq yerinə yetirən İspaniya futbolçuları 4:2 hesabı ilə qalib gələrək Avropa çempionatının final mərhələsinə yüksəliblər.
Almaniya və İtaliya futbolçuları arasında digər yarımfinal oyunu iyunun 28-də Polşanın paytaxtı Varşavada keçiriləcək.

Xəbər 867 dəfə oxundu.