Şahmatçılarımız Yunanıstandan uğurla dönüblər

İyunun 12-dən 21-dək Yunanıstanın Kalitea şəhərində Məktəblilərin Avropa Çempionatı keçirilib. Hər il keçirilən bu çempionat Avropa Şahmat İttifaqı (ECU), Məktəblilərin Beynəlxalq Şahmat İttifaqı (İSCU) və Yunanıstan Şahmat Federasiyası tərəfindən təşkil edilir. Azərbaycanın məktəbli şahmatçıları demək olar ki,hər il bu yarışlarda müvəffəqiyyətlə iştirak edirlər. Bu il respublikamız 12 şahmatçı ilə təmsil olunmuşdu.

6 yaş qrupunda keçirilən çempionatda Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Bakı şəhər 136 nömrəli məktəbin şagirdi Aytən Əmrayeva 15 yaşadək qızlar arasında I yeri tutaraq gızıl, gənc Istedadlar liseyinin şagirdi Aqil Pirverdiyev isə 17 yaşadək oğlanlar arasında II-ci yeri tutaraq gümüş medal qazanıblar. Həmin məktəbin digər yetirmələri olan Bakı Avropa liseyinin şagirdi Miradil Zeynallı 15 yaşadək oğlanlar arasında 4-cü, 238 nömrəli məktəbin şagirdi Nicat İsmayılov həmin qrupda 6-cı, 72 nömrəli məktəbin şagirdi İlkin Bayramov 13 yaşadək oğlanlar arasında 17-cı, 23 nömrəli məktəbin şagirdi Elbrus Məmmədov 21-ci, 212 nömrəli məktəbin şagirdi Nəriman İmanov isə 11 yaşadık oğlanlar arasında 6-cı yeri tutublar.

Digər şahmatçılarımızdan Lənkaran şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Cavidan Babazadə 17 yaşadək qrupda 5-ci, Cəfərsadıq Ağazadə və Orxan Kərimov isə 13 yaşadək qrupda uyğun olaraq 13-cü və 18-ci, Cahangir Mirizadə isə 11 yaşadək qrupda 12-ci yerə çıxıblar.

Zaqatala Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Nihad Məmmədov 9 yaşadək qrupda isə 9-15-ci yerləri bölüşdürüb.

Respublika İxtisaslaşdırılmiş Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Şirmayə Hüseynova 15 yaşadək qrupun hakimi olub.

Xəbər 1048 dəfə oxundu.