Serbiyalı tennisçi Novak Cokoviç mövsümün bərpasına görə sevinir | |
Avqustda tennis mövsümü bərpa ediləcək. Ancaq raketka ustalarının çıxışını azarkeşlər tribunalarda izləyə bilməyəcəklər. Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinq cədvəlinin lideri Novak Cokoviç avqustda mövsümün bərpa ediləcəyinə sevinir. Serbiyalı raketka ustası “Böyük dəbilqə” seriyasında “US Open” və “Rollan Qarros” kimi mötəbər turnirlərin keçiriləcəyinə münasibətini belə ifadə edib: “Böyük dəbilqə” seriyalı turnirlərin təşkilinə görə çox sevinirəm. Bəli, tennisçilərin əksəriyyəti yarışların bərpasına şübhə ilə yanaşırdı. Xüsusən də, koronavirusun ABŞ-da vurduğu zərbəni nəzərə alanlar “US Open”in keçiriləcəyinə qətiyyən inanmırdı. Hətta mən özüm də buna əmin deyildim. Turnirlər və səyahətlər üçün çox darıxmışıq. Əlbəttə, bu sevindirici xəbərdir. Razıyam, indi sərt karantin qaydaları tətbiq olunur. Cənubi Amerikadan olan tennisçilər isə heç öz ölkələrindən çıxa da bilmirlər. Ümid edirəm ki, vəziyyət dəyişəcək və onlar “US Open”ə gələcəklər. Hələ bizim vaxtımız var. Ümid edirəm ki, hamı ABŞ-da eyni şərtlər altında mübarizə aparacaq”. N.Cokoviç Xorvatiyanın Zadar şəhərində başa çatan yoxlama xarakterli tennis turniri haqda da fikirlərini bildirib. O, özü ilə yanaşı, Aleksandr Zverev, Qriqor Dimitrov və Marin Çiliç kimi məşhur tennisçilərin iştirakı ilə yarışın yüksək səviyyədə keçdiyini söyləyib. Qeyd edib ki, bu turnir dünya idman ictimaiyyəti tərəfindən böyük maraqla izlənilib. Serbiyalı tennisçi buna görə Xorvatiya Tennis Federasiyasına təşəkkür etməyi də unutmayıb. |
|
Xəbər 598 dəfə oxundu. |
|
|