18 milyard dollarlıq olimpiada
Şekspirin ruhu Olimpiya Stadionuna hakim kəsiləcək


İki dünya müharibəsi dövrünü nəzərə almasaq, müasir idman tarixinin 30-cu 4-illiyinin ən möhtəşəm bayramının təntənələrinə cəmi bir ay qaldı. London artıq bu olimpiadanı qəbul etməyə tam hazırdır. Əvvəlki olimpiada ilə müqayisədə, indi Oyunların qiyməti 3 dəfədən çox artıb. Olimpiadaya hazırlığın hər ayı 147 milyon dollara başa gəlib və ümumi qiyməti 9,325 milyard funt və ya 18 milyard dollar olub.
Britaniya Turist Agentlikləri Assosiasiyasının mətbuat katibi Şon Tiptonun dediyine gore, artıq 8 milyondan artıq bilet satılıb. Maraqlıdır ki, 2007-ci ildən bu yana Olimpiya Parkına 280 mindən artıq turistin ziyarəti təşkil olunub. Onlar üst-üstə 122 min km yol qət ediblər. Bu müddət ərdində həmin ərazidə 200-dən artıq bina inşa olunub və ya yenidən qurulub. Bundan əlavə, bir milyondan artıq turistin Londona gələcəyi tam məlumdur. Ən ucuz gecə yatağının qiyməti 20 funtdur (təxminən 25 avro).

215 funtluq məşəl 153 minə satıldı
Təşkilatçılar hər şeydən gəlir götürmək üçün də addımlar atmağa başlayıblar. Yunanıstandan Londona gətirilən və məşhur futbolçu Devid Bekhemin hava limanına endirdiyi olimpiya məşəli satışa çıxarılıb. Üzərində futbol ulduzunun da avtoqrafı olan məşəlin ilkin qiyməti 2050 funtdur. Yarış təşkilatçıları elan ediblər ki, məşəlllər, ilk növbədə, onu daşıyanların özlərinə satılacaq və hər məşələ 215 funt qiymət müəyyənləşdirilib. Britaniya vətəndaşı Sare Milner Saymondz öz məşəlini «ebay» hərracında 153 min funta satıb və qazancını xeyirxah işlərə sərf edəcəyini deyir. Ümumiyyətlə, məşəlin maya dəyəri 495 funtdur.
Məşəli daşıyanlardan daha biri, Saymondzun hərrac uğurundan ilhamlanaraq, öz qənimətinə 145 min funt qiymət qoyub. O bu məbləğin 10 minini London rayonlarından birinin xəstəxanasının yenidən qurulmasına sərf tmək niyyətindədir.

Açılış mərasimində Britaniya kəndi
Artıq, açılış mərasimi ilə bağlı bir çox detallar da məlumdur. Təşkilatçılar Olimpiya Stadionunda adi Britaniya kəndinin mənzərəsini yaradacaqlar. Rejissor və bədii rəhbər Danni Boylun qurduğu səhnələrin qiyməti 27 milyon funta və ya 40 milyon dollara bərabərdir və «Yaşıl və göz oxşayan ölkə» devizi ilə keçiriləcək. Təşkilatçılar belə fikirləşir ki, bununla britaniyalılara özlərini bir xalq kimi tanımağa şərait yaramaqla, həm də bütün dünyaya adi Britaniya kəndi barədə təsəvvür yaradacaqlar.
Təntənələi mərasim zamanı çəmənliklər, düzəngahlar, çaylar qoynunda istirahət edən, kriket oynayan ailələrin, iş görən fermerlərin obrazları yaradılacaq. Stadionun arenasına 30 qoyun, 12 at, 3 inək, 2 keçi, 10 cücə, 10 ördək, 9 qaz və 3 it də çıxarılacaq və bununla canlı təbiət görüntüləri yaradılacaq.
Britaniyanın 4 böyük əyalətinin hər biri öz rəmzi sayılan gülü milli ahənginə uyğun şəkildə arenada təqdim edəcək: İngiltərə – qızılgül, Şotlandiya qanqal, Uels sarımtıl nərgiz, Şimali İrlandiya kətangülü.
«Xarabalıqlardan çıxan milyonçu», «İynə üstündə» kimi cizgi filmlərinin müəllifi kimi tanınan Boyl Olimpiya Stadionunda qurulacaq səhnələri məşhur dramaturq Uilyam Şekspirin «Fırtına» əsərindən ilhamlanaraq qurduğunu deyir. Canlandırılacaq səhnələrin əsas mövzusu sənaye əsrinin çirkabından qurtulan torpaqdır. Açılış mərasiminin başlandığını Avropada ən böyük sayılan 23-tonluq zəng bildirəcək. O, 1856-cı ildə Biq Ben saatının hazırlandığı Londonun Uaytçəpəl rayonundakı zavodda tökülüb. Üzərində Şeskpirin «Fırtına» əsərindən götürülmüş «Qorxma, bu ada səslərlə doludur» ifadəsi həkk olunub.
Maraqlıdır ki, açılış mərasiminin baş məşqi də böyük tamaşaçı ordusunun müşayiəti ilə keçəcək. Məşqlərə 80 minə qədər insanın gələcəyi gözlənilir. Hazırlıq 157 kastinqdən ibarət olacaq. Hazırda 3 mindən artıq dekorasiyaının son hazırlıqları görülür; dərzilər 23 mindən artıq kostyum tikəcəklər.
3 saat davam edəcək mərasim iyulun 27-də Bakı vaxtilə saat 24:00-da başlanacaq. Mərasim «Bitlz» qrupunun canlı əfsanəsi Pol Makkartni musiqisinin sədaları altında yekunlaşacaq. Məşəl yandırıldıqdan sonra şəhərin səmasında möhtəşəm atəşfəşanlıq olacaq.
Mərasimi 4 milyarda qədər tamaşaçının teleekranlar qarşısında izləyəcəyi gözlənilir.

Açılış mərasimi rəqəmlərdə
* Açılış meydanını avtomatik idarə olunan 1100 projektor işıqlandıracaq.
* Stadionda 1 milyon vattlıq akustik sistemlə təchih olunmuş 500 səsucaldan quraşdırılır.
* Elektron səs avadanlığının çəkisi 50 tondur.
* Mərasimdə 2596 dekorasiyadan istifadə olunacaq.
* Səhnələrin ümumi ərazisi 15 min kv.m. olacaq.
* Kənd mənzərəsinin yaradılmasında istifadə olunacaq bukolik səhnələrin qurulmasında 10 min könüllü iştirak edəcək.
* Mərasimin bütün səhnələrində 15 min könüllü iştirak edəcək.
* 12956 bayraq və dayaqdan istifadə olunacaq.
* Kostyumlara 24570 düymə tikiləcək.
* Olimpiada dövrü üçün 70 min könüllünün xidmətindən istifadə olunub.

Krallara layiq fəxri kürsü
London-2012 zamanı, olimpiyalı-paralampiyalı yarışlardan sonar, 805 mükafat mərasimi keçiriləcək. Londonun Kral İncəsənət Kollecinin tələbələri bu mərasimlər üçün narıncı fəxri kürsülər hazırlayıblar. Bu zaman ingilis irsini əks etdirəcək memarlıq ənənələri və yünan əsatirləri əsas götürülüb. Qeyd edək ki, olimpiadada cəmi 2100 medal paylanacaq. Qalib və mükfatçılara tarixin ən ağır medalları veriləcək. Bu kürsüyə çıxan ilk azərbaycanlı idmançısı cüdoçu ola bilər. Yarışın ilk proqram günündə 60 kq-dək tatami ustasının yarışında idmançımız qüvvəsini sınayacaq.
Mütəxəssis hesablamasına görə, olimpiadada ən çox medal dəstini amerikalılar qazanmağa iddialıdırlar. Onların 113 medal qazanması ehtimal olunur. Çinlilər siyahıda ikincidirlər – 100 medal. Üçüncü yerdə rusiyalılar gəlirlər – 73 medal.

Təhlükəsizlik naminə əkskəşfiyyat
Yarışın təhlükəsizliyi Britaniya hökuməti üçün bir nömrəli vəzifəyə çevrilib. Bu işlərə dövlətin məşhur Mİ5 əkskəşfiyyat idarəsinin aparacı işçiləri cəlb olunublar. 3800-dən artıq mütəxəssis artıq yarışı izləməyə gələcək 540 mindən artıq insanın şəxsiyyətinin müəyyənləşdirilməsini başa çatdırıblar. Onların əsas vəzifəsi 34 olimpiya obyektini terrordan qorumaqdır. Ümumən, hökumət təhlükəsizlik tədbirlərinə 600 milyon funt ayırmışdı. Lakin bu gün üçün məbləğ bir milyardı aşıb. Əsas maliyyə ən müasir texnologiyaların tətbiqi ilə həm təhlükəsizliyin artırılması, həm də tamaşaçı və azarkeşlərin, eləcə də turistlərin rahatlığına mane olmamağa yönəldilib. Bu syahıya idmançıları da əlavə etmək olar. Yarışda 203 olimpiya komitəsindən 10500 idmançının mübarizə aparacağı, 8 mindən artıq rəsminin də gələcəyi gözlənilir.
RAND korporasiyası 27 müxtəlif ssenari üzərində məşqlər keçirib. Bu işlərə 48 min polis, 2 min dəniz piyadası və 13500 əsgər cəlb olunub. Bu, Britaniyanın Əfqanıstana göndərdiyi əsgər-zabit heyətindən çoxdur. Evlərin damında «Yer-hava» raket batareyaları quraşdırılıb və səsli silahlar yerləşdirilib. Olimpiya obyektlərini xüsusi təlim keçmiş və itlərlə təchiz olunmuş 55 patrul komandası mühafizə edəcək. Temzada aviagəmi gecə-cündüz keşik çəkəcək. Səmada daim 40 helikopter, 20 qırıcı təyyarə xidmət göstərəcək.

Təqvim hazırdır
Təşkilatçılar 2 il ərzində yarışın optimal təqvimini hazırlayaraq, onu 26 müxtəlif beynəlxalq federasiya və xeyli sayda sponsorla razılaşdırıblar. Qeyd edək ki, 19 olimpiya günü ərzində 37 idman növü üzrə 302 medal dəsti oynanılacaq. Ən çox medal dəsti atletikadadır – 47. Üzgüçülər 34 dəst uğrunda yarışacaqlar.
Olimpiadanın ilk medal dəsti iyulun 28-də səhər çağı sahiblərinə qovuşacaq. Təbii ki, olimpiadanın şah əsəri avqustun 5-də keçiriləcək 100 metrə qaçış proqramıdır. Onun qəhrəmanının isə 3-qat olimpiya çempionu Useyn Bolt olacağı gözlənilir.

Yarış proqramı faktlarda
* «Pnevmatik»lər - tapançadan güllə atan kişilər və tüfəngdən atəş açan qadınlar yarış arenasında əsas işlərini görüb başa çatdıracaqlar.
* Əvvəlki Oyunlarla müqayisədə, yarış proqramından beysbol və softbol çıxarılıb.
* Qadınlar ilk dəfə boksda yarışacaqlar. Onlar 51, 60 və 75 kq çəki dərəcələrində qalibləri müəyyənləşdirəcəklər.
* Kişilərin ikinəfərlik kanoe və kayakda 500 metr məsafəyə yürüşü qadınların 200 metrlik analoqu ilə əvəzlənib.
* 1924-cü ildən bu yana ilk dəfə tennisdə qarışıq qoşa proqramı üzrə qaliblər müəyyənləşdiriləcək.
* Veloidmanda ilk dəfə qadın və kişi proqramı üzrə omnium, qadınlarda komanda təqibi, komanda sprinti və keyrin üzrə yarış təşkil olunacaq. Əvəzində, yarış proqramından veloidmançıların fərdi təqibi, xal hesabı ilə yürüş və medison proqramı çıxarılıb.
* Həndbolda 5-8-ci yerlər uğrunda matçlar oynanılmayacaq.
* Müasir beşnövçülükdə yarış formatı dəyişdirilib: qaçış və kamandan oxatma bir yarış proqramı elan edilib.

10 milyon 800 min bilet
Yarışları hər bir proqram üzrə ayrı-ayrı izləmək üçün 10,8 milyon bilet satışa çıxarılıb. Bunlardan 8,8 miloynu olimpiada, 2 milyonu isə paralimpiada üçündür. Ən ucuz bilet 20 (32 dollar), ən bahalısı 725 funtdur. Bileti təkrar staış bazarına («qara bazar») çıxarmağın cəzası da böyükdür. Alverçilər 20 min funt cərimələnəcəklər. Bu məqsədlə hətta Britaniya qanunvericiliyinə də dəyişiklik edilib və o sərtləşdirilib. Hər biletə «gediş kartı» da daxildir. Yəni hər hansı yarışı canlı izləmək üçün alınmış bilet həm də nəqliyyatdan pulsuz istifadə hüququ verir.
Amma bəzi yarışları izləmək üçün bilet tələb olunmayacaq. Bu siyahıya marafon, idman yerişi, veloşosse yürüşü və triatlon veloyürüşü daxildir. Ümumiyyətlə, bütün Britaniya ərazisində quraşdırılmış iri ekranlar qarşısında hər hansı yarışı izləmək mümkün olacaq.
Britaniyalı jurnalistlər aşkara çıxarıblar ki, Yaxın Şərqin onlarla ölkəsində bilet almaq olar. Özü də bir çox ölkələrdə rəsmi şəxslərin sayəsində biletlər 10-dəfələrlə baha satılır. Bu işdə 27 dövlət qulluqçusunun əli olduğu aşkarlanıb.

Sosial medianın ilk olimpiadası
Bu gün sosial şəbəkələr dünyanın ən böyük nailiyyəti hesab olunur. Pekin Oyunlarına «tvitter»də 6 milyon, «feysbuk»da 100 milyon istifadəçi maraq göstərsmişdisə, London üçün bu rəqəmlər, uyğun olaraq, 140 milyon və 900 milyondur. Müqayisə üçün qeyd edək ki, Sidneydə sürətli internetdən də söhbət getmirdi. Afinada smartfonlar gündəmdə deyildi. Pekində sosial şəbəkələr geniş yayılmamışdı. İndi isə bütün bunlar reallıqdır. London olimpiadası sosial media sahəsində fərqlənərək, rekordlar müəyyən edib. Onun ən geniş imkanları ilə olimpiadanın bir çox layihələri həyata keçirilib. Hesablanıb ki, təşkil olunmuş formalarda hər saniyədə 13684 qısa mesaj göndərilib.

BATI YAR, “İdman” qəzeti

Xəbər 1356 dəfə oxundu.