Messidən Ronalduya cavab
«Barselona»nın argentinalı ulduzu Lionel Messi Xavi, Andres İnyesta və digər komanda yoldaşlarını Avro-2012 çempionu olaraq görmək istədiyini açıqlayaraq, eyni zamanla La Liqadakı özünün əsas rəqibi Kriştianu Ronaldunun onunla bağlı sözünə də cavab verib.

Ötən cümə günü xeyriyyə matçı üçün Kolumbiyanın paytaxtı Boqotada olan Messi mətbuat nümayəndələrinə verdiyi açıqlamada «Etiraf etməliyəm ki, Avro-2012 qarşılaşmalarını tam şəkildə izləyə bilmirəm və açığı dəqiq bir favoritim də yoxdu. Lakin İspaniyada bir çox komanda yoldaşım forma geyinir və onların çempion adını qazanmasını arzu edirəm» - deyə danışdı.
Yeri gəlmişkən, «Messinin dostları» və dünya yığması arasındakı matç 6:6-lıq sülhlə nəticələnib. Braziliyalı Dunqanın sükançısı olduğu «Messinin dostları» komandasında Xavyer Maskerano, Dieqo, Robinyu kimi futbolçular oynayırdı. Fabio Kapellonun çalışdırdığı dünya yığmasında isə Ramadel Falkao, Dieqo Forlan, Marek Hamşik və başqaları top qovurdular.

İdman.com.az saytının məlumatına görə, birinci komandadan Robinyu dubl ilə fərqləndi. Hərəyə bir topu Messi özü, Lavessi, Osvaldo və rəqiblərdən topu öz qapısına keçirmiş Qonsales adlarına yazdılar. İkincilərdə Falkao və Rodriges dublla, Qutyerres və Hamşik isə hərəyə bir qolla fərqləndilər.

Jurnalistlərlə görüşə gəldikdə isə, argentinalı ulduz 2011-ci il Kopa Amerikada göstərdiyi oyunun Ronaldu tərəfindən tənqid olunması xatırladıldığında isə səssiz qalmağı seçərək, «Açığı, Kriştianunun söylədikləri haqqında deyəcək bir sözüm yoxdur» - söyləyib.

Xəbər 991 dəfə oxundu.