Respublika İdman Tibb Mərkəzi üçün yeni bina tikilir
İyunun 21-də Bakıdakı Nərimanov rayonunda Respublika İdman Tibb Mərkəzinin təməlqoyma mərasimi keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Mərkəzin təməlqoyma mərasiminin məhz “İdman ili”ndə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Bildirib ki, idmanda yüksək nailiyyətlərin qazanılmasında tibbin rolu çox böyükdür. Bu Mərkəzdə idmançıların vaxtlı-vaxtında müayinədən keçməsi və bərpa proseslərini yerinə yetirməsi üçün lazımi şərait yaradılacaq.
Hazırda Tofiq Bəhramov adına Respublika stadionunun inzibati binasında yerləşən idmançıların diaqnostika mərkəzinin dünya standartlarına cavab vermədiyini diqqətə çatdıran nazir yeni Mərkəzdə müasir avadanlığın quraşdırılacağını qeyd edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə inşa olunacaq Mərkəzin əhəmiyyətini yüksək qiymətləndirmiş və növbəti – 2016-cı il Rio da-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın bu tibb ocağında müayinədən keçib mötəbər yarışa yollanacağına inandığını ifadə edib. İdman tibbinin problemlərinin dünya elminin diqqət mərkəzində olduğunu bildirən natiq müasir dövrdə güclü tibbi təminatı olmayan idmançıların böyük nəticələr qazana bilmədiyini söyləyib.
Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb, Mərkəzin idmançılarımızın yeni uğurlar qazanmasında mühüm rol oynayacağını bildirib və tibb müəssisəsinin beynəlxalq standartlara cavab verəcəyini diqqətə çatdırıb.
Gənclər və idman naziri Azad Rəhimov metal gilizi bünövrəyə atıb.
Mərkəzin inşası üçün 0,2 hektar torpaq sahəsi ayrılıb. Bina 3 mərtəbə və zirzəmidən ibarət olacaq. Mərkəzdə qeydiyyat otağı, qarderob, toplantı zalı, VİP zona, aptek, kafe, gözləmə zalı, laboratoriya, müalicəvi hovuz, masaj fəaliyyət göstərəcək.

Xəbər 3633 dəfə oxundu.