Valentin Demyanenko Avropa çempionatının finalında
Xorvatiya paytaxtı Zaqrebdə keçirilən kayak və kanoe üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Valentin Demyanenko finala yüksəlib. İdman.com.az saytının xəbərinə görə, kanoe üzrə 3-qat dünya və 3-qat Avropa çempionu buna 1-nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə nail olub. Demyanenko seçmə yürüşdə finişə 38,591 saniyə nəticə ilə birinci çatıb.

O, ən yaxın izləyicisi Yevgeni Şuklini (Litva) 0,332 saniyə geridə qoyub. Bununla da kanoeçimiz birbaşa əsas finala yüksəlib. Həlledici yürüş iyunun 24-də Bakı vaxtı ilə saat 15:41-də baş tutacaq. Demyanenkonun rəqibləri Şuklindən əlavə, Adam Ginter (Polşa), Andrey Yezerski (İrlandiya), Alfonso Benavides (İspaniya), Vyaçeslav Tsexoş (Ukrayna), Denis Xaraja (Belarus), Tomas Simar (Fransa) və Lyubomir Haqara (Slovakiya) olacaq.

500 metr məsafəyə yürüşdə isə Demyanenko uğurlu nəticə göstərə bilməyib. Kanoeçimiz seçmə yürüşdə bu məsafəni 2 dəqiqə 17,468 saniyəyə qət edərək, 8-ci olub. Nəticədə o, mübarizəni dayandırıb.

Kayakçımız Mirnazim Cavadov isə qitə çempionatında həm 200 metr, həm də 500 metr məsafələrə yürüşlərdə yarımfinaladək irəliləyə bilib. O, 200 metr məsafəyə seçmə yürüşdə 36,259 saniyə nəticə ilə 6-cı olub. Bununla da Cavadov növbəti mərhələyə yüksəlib. Yarımfinalda isə təmsilçimiz finişə 36,651 saniyəyə 8-ci çatıb və finala çıxa bilməyib. 500 metr məsafəyə yürüşdə də Cavadov seçmə mərhələdə 1 dəqiqə 52,937 saniyə nəticə ilə 4-cü olub. Yarımfinalda isə kayakçımız 2 dəqiqə 1,027 saniyə göstərici ilə 8-ci olub. Hər iki məsafədə Cavadov yekun nəticədə 18 ən güclü kayakçı sırasına düşə bilməyib.

Qeyd edək ki, Valentin Demyanenko 2005-ci ildə elə Zaqrebdə keçirilmiş dünya çempionatında qızıl medala sahib olub.


Xəbər 1376 dəfə oxundu.